Dərmanları çay və ya qəhvə ilə qəbul etmək məsləhət deyil.
Medianews.az xəbər verir ki, bu barədə əczaçılıq elmləri namizədi İqor Sokolski danışıb.
Onun sözlərinə görə, çayın tərkibində olan tanin bir çox dərmanların təsirini azalda bilər. Tanin dərmanın aktiv maddəsi ilə qarşılıqlı təsirə girərək onun bağırsaqlardan qana sorulmasının qarşısını alır. Nəticədə dərman təsir göstərmir. Xüsusilə dəmir preparatları, ürək dərmanları və həzm üçün istifadə olunan vasitələr bu təsirə həssasdır. Mütəxəssis qeyd edib ki, bəzi antidepresanlarla birlikdə çay içilməsi gözlənilməz nəticələrə – həyəcan və yuxusuzluğa səbəb ola bilər.
Qəhvəyə gəldikdə isə, onun tərkibindəki kofein bəzi dərmanların yan təsirlərini artıra bilər. Məsələn, ağrıkəsicilər qəhvə ilə qəbul edilərsə, böyrəklərə və qaraciyərə əlavə yük düşə bilər. Kofein həmçinin ürək və təzyiqə təsir edən dərmanların təsirini gücləndirərək aritmiya və təzyiq artımına səbəb ola bilər.
Bundan başqa, kofein sidikqovucu təsir göstərir və dərmanın bədəndən tez xaric olmasına gətirib çıxara bilər.
Mütəxəssis dərmanların otaq temperaturunda, qazsız və təmiz su ilə qəbul edilməsini tövsiyə edir.
Medianews.az