“ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ermənistana və Azərbaycana səfəri sadəcə protokol səfəri olmadı”. Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, bu səfər regionumuz üçün unikal bir şans, Cənubi Qafqaz uğrunda qlobal rəqabətdə yeni strateji mərhələnin başlanmasının göstəricisi oldu: “Hər iki dövlətlə strateji tərəfdaşlıq xartiyalarının imzalanması qlobal geosiyasətdə Cənubi Qafqazın oynadığı rolun və bu məkanın ABŞ tərəfindən necə qiymətləndirilməsinin göstəricisi hesab oluna bilər.
Strateji tərəfdaşlıq xartiyalarının imzalanması o deməkdir ki, ABŞ Cənubi Qafqazı özünün “həyati maraqları” dairəsinə aid olan qlobal geosiyasi məkan kimi, enerji və tranzit mərkəzi baxır və bu məkanda öz siyasətini Ermənistanla Azərbaycan üzərində qurur. Qeyd etmək lazımdır ki, ABŞ uzun müddət Cənubi Qafqazda öz siyasətini Gürcüstan üzərindən qurmağa çalışsa da buna müvəffəq ola bilməyib. Hazırda ABŞ regiondakı prioritetlərini yenidən nəzərdən keçirməklə qlobal rəqabətdə üstün mövqe qazandı və eyni zamanda Cənubi Qafqazda Rusiya və İranın mövqelərini və təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflətdi, Çinin regiona daxil olmasının qarşısını almaq üçün preventiv tədbirlər gördü.
Bu səfər regionumuzda geosiyasi balansı dəyişməklə bütövlükdə Cənubi Qafqaz üçün sabitlik, təhlükəsizlik və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoydu, ümumregional aspektlə yanaşı ölkəmiz üçün də bir neçə istiqamət üzrə faydalı oldu”.
Q.Əlibəylinin sözlərinə görə, səfərin Azərbaycan üçün faydalarını Zəngəzur dəhlizinin işə düşməsinin sürətlənməsi, energetika, müdafiə, təhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq istiqamətləri üzrə dəyərləndirmək olar: “Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirə sadəcə bir marşrut kimi deyil, bütövlükdə türk dünyasını, Avropanı Asiya ilə birləşdirən nəqliyyat kommunikasiya qovşağı, Cənubi Qafqazın geosiyasi taleyini müəyyən edən, regionda qalıcı sülhə xidmət edən, təhlükəsizliyə təminat verən həlledici amil kimi qiymətləndirilməlidir.
Bundan başqa, müdafiə sənayesi və terrorizmlə mübarizə, müasir çağırışlara cavab verən süni intellekt sahələrində yeni əməkdaşlıq mexanizmlərinin müzakirəyə çıxarılması ölkənin milli təhlükəsizlik mexanizminin möhkəmlənməsinə və rəqəmsal transformasiya prosesinin sürətlənməsinə gətirib çıxaracağı şübhə doğurmur”.
Toğrul Əli,
Medianews.az