Medianews.az
Kişilərin neçə faizi “Sevgililər günü”nün ləğvini istəyir? –
352 baxış

Kişilərin neçə faizi “Sevgililər günü”nün ləğvini istəyir? – NƏTİCƏLƏR AÇIQLANDI

Türkiyədə kişilərin 43,2, qadınların isə 35,7 faizi fevralın 14-nün “Sevgililər günü” kimi qeyd olunması ənənəsinin aradan qaldırılmasını istəyir.

Medianews.az xəbər verir ki, bunu Türkiyənin “Areda Survey” sosioloji tədqiqatlar mərkəzinin keçirdiyi sorğu göstərib.

Sorğu fevralın 4-dən 12-dək ölkə boyu 700 nəfər (həm kişilər, həm də qadınlar) arasında keçirilib.

Kişili-qadınlı “Sevgililər günü”nün tamam ləğv olunmasına tərəfdar çıxanlar 38,6 faiz təşkil edib. 31,6 faiz bunun əleyhinə gedib. 29,8 faiz isə “Sevgililər günü” ənənəsinin aradan qaldırılıb-qaldırılmaması məsələsində qərarsız olduğunu söyləyib.

Sorğu nəticəsində aydın olub ki, ümumən respondentlərin 63,6 faizi “Sevgililər günü”nü daha çox kommersiya xarakterli bir bayram kimi qiymətləndirir.

Respondentlərin 15,4 faizi özünü “Sevgililər günü” ərəfəsində total şəkildə maddi təzyiq altında hiss etdiyini söyləyib. 29,1 faiz qismən belə bir təzyiqlə üzləşdiyini bildirib. 31,6 faiz isə heç bir maddi basqı yaşamadığını vurğulayıb.

23,9 faiz fevralın 14-nü heç vaxt bayram kimi qeyd etmədiyini deyib.

Sorğunun nəticələrinə əsasən, insanların 66,7 faizi “Sevgililər günü”nü qeyd etməyə münasibətlərin ciddiliyini ölçən bir məsələ kimi baxmır.

78,3 faiz bahalı hədiyyəni sevginin göstəricisi saymır. Amma sayanlar da var: 3,8 faiz.

Respondentlərin 48,3 faizi bildirib ki, “Sevgililər günü”nü təmtəraqla qeyd edib bunu sosial şəbəkələrdə paylaşanların yaydığı görüntülər onları müəyyən qədər mütəəssir edir. 51,7 faiz isə belə paylaşımlardan heç təsirlənmədiyini vurğulayıb.

Sorğu zamanı “Sevgililər günü” gözləntilərinin kişi-qadın münasibətlərinə təsiri də araşdırılıb. Respondentlərin 40,8 faizi belə gözləntilərin onlarda məyusluq yaratdığını, 39,8 faizi bunun bəzən baş verdiyini qeyd edib. 19,4 faiz isə belə hala düşmədiyini söyləyib.

Sorğu iştirakçılarına hansı günləri “Sevgililər günü”ndən daha əlamətdar hesab etdikləri barədə də sual verilib. 38,8 faiz evlilik ildönümünü, 37,9 faiz doğum gününü, 10,3 faiz tanışlıqların ildönümünü göstərib.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun