Medianews.az
Trampla Xameneinin görüşü –
128 baxış

Trampla Xameneinin görüşü – Variant varmı?

ABŞ dövlət katibi Marko Rubio deyib ki, prezident Donald Tramp İranın ali rəhbəri Seyid Əli Xamenei ilə görüşə hazırdır.

Belə bir variantı İran da nəzərdən keçirirsə, görüş üçün 3 mümkün variant ağla gəlir:

- Donald Tramp İrana səfər edir (aşağı ehtimal);

- Əli Xamenei ABŞ-yə səfər edir (mümkünsüz variant);

- Tramp və Xamenei üçüncü ölkədə görüşürlər (mürəkkəb ehtimal).

Əli Xamenei prezident olduğu vaxt xarici səfərlərə yollansa da, ali rəhbər olduqdan sonra başqa ölkəyə getməyib.

Xamenei xarici siyasətdə əsas qərarverici şəxsdir, lakin onun elan etdiyi prioritetlərin müzakirəsi üçün prezidentlik, diplomatik və təhlükəsizlik institutları səviyyəsində səfərlər həyata keçirilir. İran siyasi və dini dünyagörüşü ali rəhbəri İranın möhkəmliyi və öz nüfuzunu qoruyan şərtlərlə motivasiya edilir.

Buna görə, ali rəhbərin səfəri mümkünsüzdür, başqa yandan isə diplomatik protokol üçün də bərabər rütbə qarşı tərəfdə yoxdur. Ona görə də, Xameneinin görüş üçün səfəri ABŞ-dən ötrü əlçatmaz bir perspektivdir.

Digər səbəblər:

A) Xameninin təhlükəsizliyi üçün risklər də onun səfərlərini mümkünsüz edir.

B) Hipotetik olaraq səfər qərara alınsa belə, Xameneinin səhhəti buna imkan verməz.

Ancaq ABŞ-nin çağırışı İran üçün siqnaldır və ehtimalla Tehran Vaşinqtonla danışıqlar üçün ya prezidenti, ya xarici işlər nazirini, ya da Ali Milli Təhlükəsizlik Şurasını təlimatlandıracaq. ABŞ ilə danışıqlar kanalında Xarici İşlər Nazirliyi daha yüklü bir qurum kimi görünür, onun bir neçə dəfə ABŞ ilə müzakirələrdə iştirakı bu təəssüratı gücləndirir. Rusiya kanalı ilə danışıqlarda məsuliyyətin bölüşdürülməsində Ali Milli Təhlükəsizlik Şurasının payı yüksəkdir. Buna baxmayaraq ABŞ ilə müzakirələrdə "İranın xilaskarı" obrazını hansı institut və ya siyasi fiqurun yaradacağı da nəticələrə təsir edə bilər.

Donald Tramp dünya siyasətinə və beynəlxalq ictimaiyyətə sürprizlər gətirən eksklüziv bir siyasətçidir. Bu baxımdan o, birbaşa Xamenei ilə olmasa da, prezident Məsud Pezeşkianla danışıqların keçirilməsini təşviq edə bilər və bunun özü cari situasiyada Tehran üçün vacibdir.

ABŞ ilə İran strategiyaları arasında institusional rəqabətin nisbətən yumşaq rejimə keçməsi aktualdır. Güman ki, Vaşinqton və Tehran arasında ilkin mərhələlərdə kəşfiyyat diplomatiyası baş tutacaq.

Aqşin Kərimov,
siyasi təhlilçi

Bizə qoşulun