Medianews.az
“Tramp nüvə ocağını alovlandırmaq riskinə gedir” - “Nyu-York Tayms”
107 baxış

“Tramp nüvə ocağını alovlandırmaq riskinə gedir” - “Nyu-York Tayms”

ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Tramp nüvə ocağını alovlandırmaq riskinə gedir” başlıqlı redaksiya məqaləsi dərc olunub.

Medianews.az-ın məlumatına görə, məqalədə vurğulanır ki, dünya yeni və daha təhlükəli nüvə dövrünə qədəm qoyur: “ABŞ və Rusiya arasında strateji nüvə silahlarını məhdudlaşdıran son əsas sazişin müddəti başa çatıb. Bu o deməkdir ki, yarım əsrə yaxın nüvə sabitliyini təmin edən mexanizmlər faktiki aradan qalxıb. Yerində isə Tramp administrasiyasının yürütdüyü təhdid siyasəti, güc nümayişi və açıq silahlanma yarışı qalıb”.

Yazıda qeyd olunur ki, ABŞ rəhbərliyi “daha çox nüvə silahı – daha çox təhlükəsizlik” məntiqi ilə hərəkət edir: “Sualtı qayıqlarda əlavə buraxılış qurğularının yenidən aktivləşdirilməsi, qitələrarası ballistik raketlərdə daha çox döyüş başlığının yerləşdirilməsi və hətta 1992-ci ildən bəri dayandırılmış yeraltı nüvə sınaqlarının bərpası müzakirə olunur. Belə addımlar ABŞ-ın nüvə arsenalını iki dəfədən çox artıra və digər böyük dövlətləri də eyni yola sövq edə bilər”.

ABŞ aministrasiyası bu siyasəti Çinin nüvə arsenalının artması ilə əsaslandırsa da, “Nyu-York Tayms” bunu inandırıcı saymır. Məqalədə vurğulanır ki, Çin hələ də ABŞ və Rusiyadan xeyli geri qalır və mövcud məhdudiyyətlərin ləğvi Pekini danışıqlara məcbur etmir, əksinə, yeni silahlanma yarışını sürətləndirir. Nəticədə ABŞ rəqiblərini masa arxasına çəkmək əvəzinə onlarla birlikdə nəzarətsiz yarışa girmiş olur.

Məqalədə ən təhlükəli məqam kimi qiymətləndirilən məsələ nüvə sınaqlarının bərpası ehtimalıdır. ABŞ-ın artıq minlərlə sınaq keçirdiyi, kifayət qədər məlumat bazasına sahib olduğu və yeni partlayışların hərbi baxımdan ciddi üstünlük verməyəcəyi xatırladılır. Amma qeyd olunur ki, belə bir addım qlobal normanı dağıda, Rusiya və Çini də sınaqlara sövq edə, ekoloji və humanitar fəsadlar yarada bilər.

Məqalədə deyilir ki, ABŞ-ın qeyri-müəyyən mövqeyi müttəfiqlər arasında da narahatlıq doğurur: “Avropada bəzi liderlər ABŞ-ın etibarlılığına şübhə ilə yanaşaraq, Fransanın nüvə potensialının daha geniş təhlükəsizlik çətiri kimi istifadəsini müzakirə etməyə başlayıblar. Nüvə “çətirlərinin” genişlənməsi isə səhv hesablamalar və təsadüfi eskalasiya riskini daha da artırır”.

Yazının sonunda alternativ yol göstərilir: ABŞ nüvə sınaqlarından imtina etməli, Rusiya ilə qeyri-rəsmi şəkildə olsa da strateji nüvə silahları üzrə məhdudiyyətlərə əməl olunması barədə razılaşmanı qarşılıqlı surətdə davam etdirməli, Çini bəhanə edərək yeni yarışa başlamamalıdır. Eyni zamanda məqalədə ABŞ Konqresinin rolunu gücləndirməyə çağırış edilir: “Çünki hazırda nüvə müharibəsi qərarının bir nəfərin səlahiyyətində qalması demokratiya və qlobal təhlükəsizlik baxımından ciddi riskdir”.

Medianews.az

Bizə qoşulun