Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib ki, artıq dünyada rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir və süni intellektin 2030-cu ilə qədər dünyada yaradacağı əlavə dəyərin təxminən 16 trilyon ABŞ dolları həcmində olacağı gözlənilir.
Bəs burada Azərbaycanın payı nə qədər ola bilər? 2030-cu ilə qədər süni intellektin Azərbaycanda yarada biləcəyi əlavə dəyərin təxminən nə həcmdə olacağını ehtimal etmək mümkündür?

Medianews.az saytının sualını cavablandıran sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, 2030-cu ilə qədər süni intellektin Azərbaycanda nə qədər əlavə dəyər yarada bilməsi bu sahənin ölkəmizin iqtisadiyyatına və bütövlükdə həyatına hansı sürətlə inteqrasiya etməsindən asılı olacaq: “Bu gün dünyada yeni texnologiyaların inkişaf sürəti çox böyükdür. Artıq hökumətlər süni intellektin yaratmağa başladığı işsizlik probleminin həlli yolları üzərində düşünməyə məhkumdur. Məsələn, hər hansı bir müəssisədə eyni işi 10 mütəxəssisin əvəzinə 1 robot yerinə yetirə bilir. Deməli, bu mütəxəssislərin ən yaxşı halda 9-u, bəlkə də hamısı iş yerini itirmiş olacaq. Ola bilsin ki, bir mütəxəssis prosseslərin necə getməsinə canlı nəzarəti həyata keçirtmək üçün işdə saxlansın.
Bu minvalla hər bir ölkədə minlərlə, milyonlarla işsizlər ordusu yarana bilər. Elə bu səbəbdəndir ki, bəzi inkişaf etmiş ölkələrdə hökumətlər özlərini belə bir duruma hazır hesab etmədiklərindən süni intellektlə bağlı proseslərin bir qədər ləngidilməsinin tərəfdarı kimi çıxış edirlər.
Azərbaycana gəlincə, biz dünyada gedən bu proseslərdən geridə qala bilmərik. Ona görə dövlət başçımız və hökumətimiz Azərbaycanın yeni rəqəmsal arxitekturası müstəvisindəki problemlərin həllinə bu qədər böyük diqqət ayırır”.

İqtisadçı Natiq Cəfərli Medianews.az-a bildirib ki, süni intellektin qarşıdakı illərdə Azərbaycanda yarada biləcəyi əlavə dəyəri təxmin etmək hazırda çətindir: “Çünki hələ infrastruktur qurulmalıdır. İnfrastrukturun effektivliyi ölçülməlidir.
Azərbaycanın sürətlə bu sahəyə daxil olması və müəyyən addımlar atması təqdirəlayiqdir. Ölkəmizin bu sahədə ABŞ ilə ciddi razılaşmaları var. Azərbaycanda süni intellektlə və bu müstəvidə məlumat bazalarının yerləşdirilməsi ilə bağlı may ayına qədər yeni müqavilələrin imzalanacağı gözlənilir. Amma bütün bunların iqtisadiyyatımızda yaradacağı əlavə dəyər haqqında indidən konkret rəqəm söyləmək çətindir. Çünki bu məsələ hələ qarşıda atılacaq addımların effektivliyindən və həcmindən asılı olacaq. Azərbaycanın bu trenddə özünə yer tutmağa çalışması isə təqdirəlayiq haldır. Ümid edək ki, atılan addımların Azərbaycan iqtisadiyyatına da müsbət təsirləri, impulsları olacaq”.
Bəs süni intellektin Azərbaycanda lazımınca əlavə dəyər yarada bilməsi, ölkəmizin iqtisadiyyatına sürətlə inteqrasiya olunması üçün hansı addımlar atılmalıdır?

İKT üzrə ekspert İlkin Məmmədkərimov Medianews.az-a açıqlamasında vurğulayıb ki, süni intellektin Azərbaycanda real əlavə dəyər yaratması üçün ilk növbədə üç əsas istiqamət vacibdir: "Birincisi, dövlət və özəl sektorda məlumat bazalarının (data) rəqəmsallaşdırılması sürətləndirilməlidir, çünki süni intellekt məlumat üzərində işləyir.
İkincisi, universitetlərdə və peşə təhsilində proqramlaşdırma, data analitikası və süni intellekt üzrə kadr hazırlığı gücləndirilməlidir.
Üçüncüsü isə startap ekosisteminə maliyyə və vergi təşviqləri verilməlidir ki, yerli texnologiya şirkətləri yaransın. Əks halda süni intellektdən istifadə edən yox, yalnız istifadəçi bazarı olan ölkəyə çevrilmək riski qalacaq".
Nailə Qasımova,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.
