Medianews.az
Xalq şairinin təklifi müzakirə yaradır:
106 baxış

Xalq şairinin təklifi müzakirə yaradır: Türk filmləri dublyajsız yayılsın?

Xalq şairi Sabir Rüstəmxanlı Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin ikinci günündə çıxışı zamanı deyib ki, türk dövlətlərinin televiziyalarında filmlər dublyajsız yayılmalıdır: “Türk dövlətlərinin televiziyalarında bir-birilərinin filmləri dublyaj edilmədən təqdim olunmalıdır. Biz bir-birimizi başa düşürüksə, niyə tərcümə edək? Buna nə ehtiyac var?"

Türk dövlətlərində çəkilən filmlər bu ölkələrin televiziyalarında dublyajsız yayılsınmı?

Medianews.az bu sualla tanınmış telejurnalistlərə müraciət edib.

Qulu Məhərrəmli bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin keçirilməsi çox müsbət hadisədir: “Bu tədbir insanların Türkoloji qurultay haqda biliklərini artırır, müzakirə olunan məsələlərlə bağlı ciddi mesajlar verir və tarixə baxışı ön plana çıxarır. Həmçinin xalqların keçmişi və bu günü ilə bağlı dil sahəsində mövcud olan problemləri diqqət mərkəzinə gətirir. Bunların hamısı ciddi və yaxşı məsələlərdir.

O ki qaldı Sabir bəyin təklifinə, 10-15 il əvvəl də bu məsələ gündəmdə idi. Yadımdadır ki, bunun qəti əleyhdarları var idi. Amma o mövqelərin fonunda akademik Nizami Cəfərovla mən təklif edirdik ki, türk filmləri dublyaj olunmasın, sadəcə, altyazı ilə, yəni subtitrlərlə təqdim edilsin.

İndi də mən o təklifin üzərində qalıram ki, bəli, Azərbaycanın efirində türk, türkmən, qazax və ya özbək dillərində filmlər nümayiş oluna bilər. Çünki biz o dilləri qavraya bilirik, yəni eşidirik və anlayırıq, bu bizim üçün normaldır. Amma türk dillərinin hamısı bizim üçün eyni dərəcədə anlaşılan deyil axı. Məsələn, bilirsiniz ki, türk dilləri əsasən üç qrupa bölünür: Oğuz, Karluk və Qıpçaq.

Oğuz qrupu daha inkişaf etmiş bir dil qrupdur, yəni bizim, türkmənlərin və Anadolu türklərinin danışdığı dillər. Bu dillər çox rahat anlaşılır. Niyə? Çünki tarixi inkişaf baxımından saray dili olub, dövlət səviyyəsində işlənib.

Karluk dil qrupuna daxil olan türk dilləri daha çox şəhər atmosferini, şəhər mühitini əks etdirir. Bunu da müəyyən qədər anlamaq olur. Amma tutaq ki, Qıpçaq dilləri ilə bağlı problemlər var. Məsələn, biz qazax və ya qırğız dillərini gərək çox diqqətlə dinləyək ki, başa düşə bilək. Ona görə də həmin dillərdə filmlər yayımlana bilər, amma mütləq altyazı ilə, yəni subtitrlərlə tərcüməsi verilməlidir ki, tamaşaçı filmdə nələrin cərəyan etdiyini başa düşsün. Belə olduqda biz, əvvəla, o dilin ab-havasını duyuruq, eşidirik; mühiti görür, danışıq tərzini qavrayırıq, dillər arasındakı fonetik quruluş, səsləndirmə, cümlə quruluşu, sintaksis və dilin qrammatikası haqqında təsəvvürümüz formalaşır. Lakin mənanı tam anlamaya bilərik. Ona görə də filmlərin efirdə o dillərdə yayımlanması ideyası ilə razıyam, amma mütləq altyazılı tərcümə ilə bir yerdə verilməlidir”.

Telli Pənahqızı Medianews.az-ın sualına cavab olaraq deyib: “Doğrudur, biz Anadolu türkləri ilə rahat anlaşırıq, amma türkdilli xalqlar dedikdə dünyada yaşayan bütün türklər nəzərdə tutulur. Onların da hər birinin öz ləhcəsi, danışıq tərzi var. Bəzən anlayırsan, bəzən də yox. Ona görə yaxşı olar ki, dublyajla təqdim edilsin. Burada elə bir qəbahət yoxdur. Vaxt keçdikcə bəlkə də biz o dillərə alışacağıq, amma hazırda geniş tamaşaçı kütləsinin bunu qəbul edəcəyinə inanmıram. Mən ara-sıra Mərkəzi Asiya filmlərinə baxıram və görürəm ki, anlamadığım çox şey var. Açıq deyim ki, Azərbaycanın bir sıra başqa tamaşaçılarının daha çox şeyi qavraya bilməyəcəyini düşünürəm”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun