Medianews.az
Yeni Partiya ana müxalifətə çevrilir -
107 baxış

Yeni Partiya ana müxalifətə çevrilir - CHP nələr itirir?

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə parlamentinin – Böyük Millət Məclisinin 91 üzvü Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib. Onlar Özgür Özəlin liderliyi ilə Yeni Partiya təsis edərək müvafiq sənədləri Daxili İşlər Nazirliyinə göndəriblər.

Medianews.az bildirir ki, beləliklə, Yeni Partiya Türkiyə Böyük Millət Məclisində ana müxalifət statusu qazanır. CHP isə parlamentdə mandat sayına görə beşinci sıraya geriləyərək həm ana müxalifət statusunu, həm də sədr müavinliyi postunu itirir.

91 üzvü ayrılanadək CHP-nin parlamentdə 135 mandatı var idi.

CHP-də qalan 44 millət vəkilinin də hamsının Kılıçdaroğlunu dəstəkləmədiyi haqda xəbərlər yayılır.

Hazırda CHP-nin 81 vilayət təşkilatından 74-ü Özgür Özəllə birlikdə hərəkət edir. Bu o deməkdir ki, hələ rəsmən qeydə alınmamış Yeni Partiyanın artıq 81 yerli təşkilatı var.

1974-cü il sentyabrın 21-i Manisada doğulan Özgür Özəl əczaçılıq üzrə ali təhsil alıb, bir müddət bu sahədə fəaliyyət göstərib. 2009-cu ildə siyasətə qoşulub, CHP-də parlayıb, 2011-ci ildən başlayaraq parlamentdə təmsil olunub.

Bu il mayın 21-dən Ankara Bölgə Məhkəməsi Kamal Kılıçdaroğlunu CHP sədri postuna qaytarıb, bununla təşkilatda parçalanma başlayıb.

1948-ci il təvəllüdlü Kamal Kılıçdaroğlu CHP-yə 2010-cu il mayın 22-dən sədrlik edib. 2023-cü ilin 4-5 noyabr qurultayında Kamal Kılıçdaroğlu sədr seçkisini Özgür Özələ uduzub.

2025-ci ildə bir qrup partiya üzvü məhkəmə davası açaraq 4-5 noyabr 2023-cü il qurultayının nəticələrinin etibarsız sayılmasını istəyib. Onların iddiasına görə, qurultayın bir çox nümayəndəsi müxtəlif üsullarla ələ alınıb və sədr seçkisinə haram qatılıb.

İddia ortaya çıxan kimi partiya fövqəladə qurultaya gedib və aprelin 6-da Özgür Özəl yenidən sədr seçilib, ancaq məhkəmə iddiası geri çəkilməyib, əksinə, 6 aprel 2025-ci il qurultayının da nəticələrinin ləğvi gündəmə gəlib.

Sentyabrın 21-də keçirilən daha bir fövqəladə qurultayda Özgür Özəl üçüncü dəfə sədr mandatı alıb.

28-30 noyabr qurultayında yenidən sədr seçkisi olub, Özgür Özəl kürsüsünü qoruyub.

Ankara Bölgə Məhkəməsinin 21 may 2026-cı il qərarı bütün bu qurultayların da nəticələrini heçə endirib. Özgür Özəl və tərəfdaşlarının qərara müqaviməti fayda verməyib, yeni partiya qurmaq qaçılmaz olub. Müxtəlif variantlar nəzərdən keçirilsə də, təşkilatın Yeni Partiya adlanması üstün tutulub.

1923-cü ildə qurulan CHP 1923-1950, 1963-1965, 1977, 1978-1979-cu illərdə təkbaşına hakimiyyətdə olub, 1961-1962, 1962-1963, 1974-cü illərdə hökumətə ortaqlıq edib.

2002-ci ildən başlayaraq partiya bütün parlament seçkilərində ikinci yeri tutaraq ana müxalifət statusu qazanıb.

CHP 2024-cü ilin yerli seçkilərini udandan bəri problemlərlə üzləşib, üzvü Əkrəm İmamoğlunu prezidentliyə namizəd irəli sürmək təşəbbüsü fonunda isə daha ağır basqılara məruz qalıb.

Medianews.az

Bizə qoşulun