Medianews.az
TRİPP əleyhinə kimlər və niyə çıxır?
155 baxış

TRİPP əleyhinə kimlər və niyə çıxır?

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsini birləşdirən yolun işə düşməsini istəməyən qüvvələr yenə fəallaşıb. İyulun 27-si Yerevanda sırf bununla bağlı mətbuat konfransı keçirilib. Medianews.az-ın məlumatına görə, “Bölgədə güc balansının dəyişməsi: Ermənistan üçün risklər” mövzulu mətbuat konfransında danışan hüquq müdafiəçisi Larisa Alaverdyan və politoloq Miqran Şahzadəyan Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRİPP) əleyhinə bəyanatlar səsləndiriblər. Onlar ABŞ və Ermənistan hökumətlərinin layihəni gerçəkləşdirmək üçün sənədlər imzalaması fonunda Rusiya və İrandan etirazlar gəldiyini qabardıblar.

Ermənistandan keçən dəhlizin yaradılması ideyasının qonşuların maraqlarına toxunduğunu vurğulayan Larisa Alaverdyan qeyd edib ki, layihə İranın Ermənistanla əlaqələrinə birbaşa maneə yaradır və məhz buna görə Tehranın milli təhlükəsizliyinə təhdid kimi qarşılanır, onun haqlı narazılığını doğurur.

Larisa Alaverdyan 1977-1981-ci illərdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri postunu tutmuş Zbiqnev Bjezinskinin hələ 30 il əvvəl Vaşinqtonun Rusiyanı Cənubi Qafqazdan sıxışdırmalı olduğu barədə fikirlərini sitat gətirib, TRİPP-i bu istəyin təzahürü kimi xarakterizə edib.

Miqran Şahzadəyan isə Naxçıvana ABŞ himayəsi ilə açılacaq yolun İranla yanaşı Rusiyanın maraqlarına da toxunduğunu vurğulayıb, layihənin Ermənistanın təhlükəsizliyini zərbə altına salacağını iddia edib.

1943-cü il təvəllüdlü Larisa Alaverdyan bakılıdır, Azərbaycan paytaxtında pedaqoji təhsil alıb. Qarabağın Azərbaycandan qoparılmasına yönələn təcavüzü fəal dəstəkləyib.

Larisa Alaverdyan Yerevandakı Rusiya-Ermənistan (Slavyan) Universitetinin kafedra müdiridir. Ermənistanın qatı Rusiyapərəst prezidenti olmuş Robert Köçəryanın hakimiyyəti dövründə iki il (2004-2006) ombudsman vəzifəsini tutub.

Sabiq ombudsman Ermənistanın təhlükəsizliyini Rusiyasız təsəvvür etmədiyini açıq bildirən, Moskvanı regionda Yerevanın əsas strateji müttəfiqi sayan şəxslərdəndir.

Nikol Paşinyan hökumətinə qarşı durmadan radikal çıxışlar edən Larisa Alaverdyanın bəyanatları Ermənistandakı Rusiya istiqamətli qüvvələrin mövqeyi ilə tam üst-üstə düşür. O, hökuməti Qərbyönlü siyasət yürütməkdə qınayır, ölkənin tamamilə Qərbdən idarə olunduğunu iddia edir, 2026-cı ilin iyununda keçirilmiş, Rusiyapərəst müxalif qüvvələrin məğlubiyyəti ilə nəticələnmiş parlament seçkisini “Ermənistan tarixinin ən rüsvayçı və çirkli seçkisi” adlandırır.

Miqran Şahzadəyan Robert Köçəryanın Ermənistan prezidenti vəzifəsinə yiyələndiyi il (1998) Yerevan İnnovativ Texnologiyalar İnstitutunun rektoru olub və bu postu Köçəryan prezident vəzifəsindən gedəndən bir il sonra (2009) tərk edib. Rektor olduğu illərdə Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universitetinin Yerevandakı regional mərkəzinin rəhbəri (1999-2002) və həmin universitetin Yerevan filialının direktoru (2002-2009) vəzifəsində də çalışıb.

Moskvadakı Beynəlxalq Açıq Təhsil Akademiyasının həqiqi üzvü olan Miqran Şahzadəyan hazırda Plexanov adına Rusiya İqtisad Universitetinin Yerevan filialında politologiyadan dərs deyir. O, Ermənistanın xarici siyasətdə Qərbə meyillənməsinin qəti əleyhdarıdır, Rusiya və İrandan uzaqlaşmanın Ermənistanı geosiyasi təcridə salacağını iddia edir.

Larisa Alaverdyan və Miqran Şahzadəyanın açıqlamaları Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinin Ermənistan bölməsi olan “Sputnik Armenia“nın saytında geniş işıqlandırılıb, “TRİPP layihəsi Yerevanla Tehran arasında birbaşa əlaqələri məhdudlaşdırır” başlığı altında yayılıb.

2025-ci il avqustun 8-i Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistanın baş naziri bir araya gələrək ABŞ prezidenti Donald Trampın iştirakı ilə sülh bəyannaməsi imzalayıblar. İki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.

Vaşinqtonda həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən, Ermənistandan keçən dəhlizin yaradılması razılaşdırılıb. ABŞ-ın patronajlığı ilə gerçəkləşəsi bu layihəyə Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu adı verilib. 2026-cı ildə ABŞ və Ermənistan hökumətləri layihə üzrə müvafiq sənədlər imzalayıb.

Novator.az xatırladır ki, hələ 2025-ci ilin yayında ABŞ mediası Donald Trampın qətiyyəti sayəsində Azərbaycanla Ermənistan arasında imzalanan sülh bəyannaməsinin İran rejiminə strateji zərbə olduğunu qeyd etmişdi.

O zaman “Foks Nyus” (“Fox News”) kanalının internet səhifəsində iranlı ekspertlər – ABŞ-da yaşayan jurnalist, hüquq müdafiəçisi Bənəfşeh Zəndin və mərkəzi ofisi Vaşinqtonda yerləşən Demokratiyanı Müdafiə Fondunun baş elmi işçisi Bəhnam Ben Taleblunun fikirləri əsasında yazı dərc olunmuşdu.

Bənəfşeh Zənd “Foks Nyus”a demişdi ki, bəyannamədə nəzərdə tutulduğu kimi, TRİPP-in 99 illiyə ABŞ şirkətinin icarəsinə verilməsi Amerika üçün böyük qazanc, Tehran rejiminə zərbədir: “Donald Trampın müdaxiləsi Xəzər hövzəsini Avropa ilə birləşdirən, İrandan tamamilə yan keçən yeni, həyati əhəmiyyətli ticarət və təhlükəsizlik dəhlizi yaradılması ilə nəticələnir. Dəhliz Vaşinqtona Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Avropaya çatdırılmasına birbaşa nəzarət etmək imkanı verir. ABŞ dəhliz boyunca dəmir və avtomobil yollarına, telekommunikasiya şəbəkələrinə və enerji kəmərlərinə nəzarət edəcək. Bu, Amerika şirkətlərinə neft, qaz və malların regional tranzitində üstün mövqe qazandıracaq. ABŞ bu nəqliyyat arteriyasını idarə etməklə eləcə milyardlarla dollar dəyərində ticarətə və investisiyaya nail olmur, həm də Avropaya Rusiya və İrandan asılılığı azaldan alternativ təchizat marşrutları gətirir”.

Bənəfşəh Zənd “Foks Nyus”a bildirmişdi ki, Vaşinqton razılaşması gələcəkdə bölgədə ABŞ-ın hərbi bazalarının yerləşdirilməsi ilə də nəticələnə bilər: “Bu dəhliz İran üçün kabusa çevrilmiş bir ssenaridir. Tehran uzun müddətdir coğrafi mövqeyindən yararlanıb enerji və ticarət axınlarını idarə edir. ABŞ isə Azərbaycanla Ermənistan arasında nail olduğu yeni razılaşma ilə regiona daxil olur və İranı bu rıçaqdan məhrum edir”.

Bəhnam Ben Taleblu “Foks Nyus”a açıqlamasında vurğulamışdı ki, TRİPP İranın Qafqazda necə həssas vəziyyətdə olduğunu göstərir: “Ermənistanın Azərbaycanla son müharibədə məğlubiyyəti, həmçinin Moskva ilə Yerevan arasındakı siyasi problemlər İranın Ermənistanla ənənəvi iqtisadi və siyasi münasibətlərindən real fayda götürməsini çətinləşdirir. İran mahiyyətcə bu marşrutdan kənarlaşdırılıb”.

ABŞ-ın Karnegi Fondunun əməkdaşı, Ermənistan-Azərbaycan münaqişəsi üzrə beynəlxalq ekspert, jurnalist Tomas de Vaal isə o zaman “Foreign Affairs” jurnalında dərc etdirdiyi təhlilində yazmışdı ki, ABŞ prezidenti Donald Tramp diplomatik ustalığı sayəsində əhəmiyyətli irəliləyişə nail olub: “Həm Bakının, həm də Yerevanın Moskvanın təsirindən qurtulmaq istəyi var. Tramp administrasiyası isə sazişi dəstəkləməklə həm ABŞ üçün kommersiya faydası əldə etmək, həm də prezidentin sülhpərvər imicini möhkəmləndirmək niyyətindədir. Ancaq avqustda əldə olunmuş razılaşma hələ çox kövrəkdir. O yalnız müharibənin bağladığı yolları açmağa kömək edərsə, uğurlu ola bilər. Bunun üçün Vaşinqtonun Ermənistan, Azərbaycan və Türkiyə ilə birlikdə maliyyələşdirmə və infrastruktur quruculuğunda əməkdaşlığı gərəkdir. Yalnız belə olduqda TRİPP adı almış yol lokal layihə yox, beynəlxalq magistral kimi fəaliyyət göstərəcək.

ABŞ həm də Avropa İttifaqı ilə sıx əməkdaşlıq qurmalıdır. Çünki Brüssel regiona həm siyasi, həm də maliyyə baxımından daha çox sərmayə qoyur. Avropanın dəstəyi Ermənistanla Azərbaycan arasında sülhün davamlı olması üçün həlledici əhəmiyyət daşıyır. Moskva, təbii ki, ABŞ vasitəçiliyi ilə əldə olunmuş yaxınlaşmanın uğursuzluğa düçar olmasını istəyir. Ancaq Vaşinqton və Avropa tərəfdaşları tranzit sazişinin icrasında fəal iştirak etsələr, daxili və xarici sabotajlara qarşı tədbirlər görsələr, Cənubi Qafqaz inkişafına mane olan münaqişə burulğanından çıxa bilər”.

Təhlilçi qeyd etmişdi ki, İran da Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizdən narazıdır, tranzit rolunu itirmək istəmir və ABŞ-ın nəzarətində olacaq marşrutu qəbul etmir./novator.az

Bizə qoşulun