Türk kinosunun tanınmış simalarından Şehnaz Dilan illər sonra həyatının ən ağır dövrlərindən biri barədə danışıb.
Medianews.az xəbər verir ki, bununla bağlı Türkiyənin “Yasəmin” saytı məlmat yayıb.
65 yaşlı aktrisa oğluna qan xərçəngi (leykoz) diaqnozu qoyulduğunu və uzun müddət onun müalicəsi üçün böyük mübarizə apardığını bildirib.
Aktrisanın sözlərinə görə, oğlu aylarla xəstəxanada müalicə alıb və bu proses ailə üçün həm maddi, həm də mənəvi baxımdan çox çətin keçib. Dilan həmin dövrü həyatının ən ağır mərhələsi adlandırıb.
O qeyd edib ki, təxminən səkkiz ay xəstəxanada qalıblar. Dövlətin yalnız müəyyən müddətə dəstək göstərdiyini deyən aktrisa, buna baxmayaraq sağalmağa davam etdiyini və yaşadığı çətinlikləri hər kimlə bölüşmədiyini bildirib.
Şehnaz Dilan ən böyük dəstəyi isə yaxın dostu, məşhur müğənni İbrahim Tatlısəsdən gördüyünü deyib.
“Çox çarəsiz idim. Ona zəng edib vəziyyətimi dedim. Dərhal maşın göndərdi və məni yanına çağırdı. ‘Nə lazımdır?’ deyə soruşdu. Borcu sənədləşdirmək istədim, amma qəbul etmədi”, – deyə aktrisa bildirib.
Şehnaz Dilan əlavə edib ki, oğluna 2020-ci ildə sümük iliyi köçürülüb. Müalicə prosesi hələ də davam edir və bəzən dərman xərclərini qarşılamaqda çətinlik çəkirlər.
Medianews.az