Rusiyanın Rostov-na-Donu şəhərində sirk göstərisi zamanı təhlükəsizlik torunun çökməsi nəticəsində pələng qəfəsdən çıxaraq tamaşaçılar olan hissəyə daxil olub.
Medianews.az xəbər verir ki, hadisə anında üç pələng səhnədə olsa da, qoruyucu sistemin sıradan çıxması ilə onlardan biri qəfəsdən çıxıb.
Heyvan sürətlə izləyicilərin oturduğu sıralara yönəlib və zalda panikaya səbəb olub. Valideynlər və uşaqlar qorxu içində ərazini tərk etməyə çalışıblar.
Sirk əməkdaşları pələngi nəzarət altına almağa müvəffəq olub və heyvan daha sonra çadırdan kənara çıxarılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Şahidlərin sözlərinə görə, vəziyyət faciəyə çevrilə bilərdi və zalda böyük çaxnaşma yaşanıb.
Sirk rəhbərliyi hadisəni “texniki nasazlıq və insan səhvi” kimi qiymətləndirib, pələnglərin xüsusi təlim görmüş olduğunu bildirib və ciddi təhlükənin qarşısının alındığını qeyd edib.
Hadisə Rusiyada sirk heyvanlarının təhlükəsizliyi və istifadəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Medianews.az


