“Sarı valyuta” mərkəzi bankların ehtiyat aktivlərində ABŞ Xəzinədarlıq istiqrazlarını üstələyib
Maliyyə eksperti və analitiki Maykl Ferber iddia edir ki, mövcud pul sisteminin ömrünə az qalıb. Onun fikrinə görə, kağız pul dövlət borcunu və inflyasiyanı artırır. Tarix boyu pul əsasən qızıl və ya gümüşdən hazırlanıb.
Bu deyimdə böyük həqiqət var. Qədim Mesopotamiyadan tutmuş, müasir mərkəzi banklara qədər hər bir böyük sivilizasiya müstəqil olaraq eyni bir nəticəyə gəlib. Bu, qızılın hansısa fərmanla dəyərli elan olunmasına görə deyil, sadəcə, fiziki xüsusiyyətləri onu bu vəzifəyə ən unikal namizəd kimi müəyyənləşdirib.
Amerikalı maliyyə tarixçisi və müxtəlif məqalələrin müəllifi Cim Qrant isə əmin edir ki, “kağız və elektron pullara gəldikdə, onlar sadəcə keçici dəbdir”. Ekspertin bu fikrini kifayət qədər cəsarətli bir tezis adlandırmaq olar. O, həmçinin XIII əsrdə səyahətçi Marko Polonun Çində kağız pulların istifadəsini təsvir etdiyini xatırladaraq bildirir ki, kağız pullar da tam olaraq qısamüddətli bir tarixin mirası deyil.
C.Qrant bildirir ki, o, əsasən təminatsız puldan danışır. Dollar, avro və ya frank kimi müasir valyutalar qızıl və ya gümüş kimi real aktivlərlə dəstəklənmir. Onların dəyəri ictimaiyyətin mərkəzi banklara və hökumətə olan etibarına əsaslanır.
Maliyyə tarixçisinin sözlərinə görə, mövcud pul sistemində çoxsaylı disbalanslar mövcuddur. Qrant bu fikirlərini maliyyə analitiklərinin peşəkar birliyi olan İsveçrə Maliyyə Analitikləri Cəmiyyətinin (CFA) ev sahibliyi etdiyi builki İsveçrə Pensiya Konfransında danışıb.
Cim Qrant 1983-cü ildən bəri Nyu-Yorkda məşhur maliyyə bülleteni olan “Grant’s Interest Rate Observer”i (“Qarantın faiz dərəcələrin icmalı”) nəşr etdirir.
“Müasir pullara toxunmaq olmur və oların yaradılması heç bir xərc tələb etmir”, – deyə ekspert bildirir. İnsanlar ödəniş tətbiqlərinə öyrəşiblər və onların yaranmasını tərəqqinin əlaməti hesab edirlər. Biz pul haqqında balığın üzdüyü su haqqında düşündüyündən artıq heç nə düşünmürük”.
Konfransda çıxış edən Qrant son onilliklərdə pul sisteminin irəli deyil, geriyə doğru inkişaf etdiyini bildirib: “Bazar qiymətlərindən məcburiyyətə, sabitlikdən dalğalanmaya, beynəlxalq inteqrasiyadan millətçiliyə”.
Qrantın sözlərinə görə, mövcud pul sisteminin günləri sayılıdır. Roma imperatoru Böyük Konstantinin, daha sonra isə Nikolay Kopernikin və Amerikanın qurucu atalarının dövründən bəri qızıl və ya gümüş pul rolunu oynayıb. Bəşəriyyətin yazıya alınmış bütün tarixi boyu, demək olar ki, hər uzunmüddətli dövrdə qızıl bütün əsas təminatsız valyutaları üstələyib.
Kimyəvi xüsusiyyətlər digər elementlərin pul kimi istifadəsinə imkan vermir. Bircə qızıl qalır. Kolumbiya Universitetinin kimyaçı alimi Sanat Kumar dövri cədvəli sistematik şəkildə araşdıraraq bunu əyani şəkildə nümayiş etdirib. Qazlar və mayelər fiziki mübadilə vasitəsi kimi xidmət edə bilməz. Radioaktiv elementlər təhlükəlidir. Yüksək reaktiv metallar - natrium və litium - hava və su ilə təmasda korroziyaya uğrayır, yanır və ya həll olur. Bundan əlavə, sənayeləşmədən əvvəl nadir təbiət metallarını texnologiyalardan istifadə edərək əritmək mümkün deyildi. Dəmir, mis və qurğuşun çox geniş yayılıb və paslanır. Bütün bunları təcrid etdikdən sonra 4 namizəd qalır: qızıl, gümüş, platin və palladium.
Bu dörd metaldan yalnız qızıl və gümüş tarix boyu pul kimi xidmət etmək üçün kifayət qədər geniş yayılmışdır. Bundan əlavə, yalnız qızıl nadirliyi, davamlılığı və sıxlığı özündə birləşdirir və onu uzunmüddətli dəyər saxlama vasitəsinə çevirir. Bu, mədəni üstünlük məsələsi deyil. Bu, kimyadır.
2026-cı ilin məlumatına görə, Yer üzərində çıxarılmış qızıl ehtiyatları təxminən 218 min ton olub. Bundan əlavə, illik mədən istehsalından mövcud ehtiyatların təxminən 1,7 faizi qədər, təxminən 3 min 600 ton əlavə olunur. Bu, onu göstərir ki, mövcud ehtiyatları ikiqat artırmaq üçün cari istehsalın 60 ili lazım olacaq.
Başqa heç bir məhsul bu şəkildə işləmir. Neft yandırılır. Buğda yeyilir. Bu vaxt gümüş günəş panellərində, elektronikada və tibbi cihazlarda kütləvi şəkildə istehlak olunur. Qızıl, əksinə, demək olar ki, heç vaxt məhv edilmir. Çıxarılan demək olar ki, hər unsiya yenə də bir yerdə mövcuddur. Bir sözlə, mövcud ehtiyatların böyük həcmi, aşağı illik artım və demək olar ki, sıfır istehlak birləşərək qızılın defisitini Yer kürəsindəki digər fiziki aktivlərdən fərqli edir.
Qızıl “keçmişdən qalma ideya” kimi görünsə də, hazırda sabitlik mənbəyi kimi getdikcə daha çox əhəmiyyət kəsb edir. Müasir puldan fərqli olaraq, onun təklifi məhduddur və həcmi istənilən vaxt artırıla bilməz.
Maliyyə eksperti Maykl Ferberin sözlərinə görə, sərt pul siyasəti 1914-cü ildə klassik qızıl standartının ləğvindən sonra getdikcə zəifləməyə başlayıb. Ekspert qızıl standartını “valyutanın qızılla təmin edildiyi və həmin metala dəyişdirilə biləcəyi köhnəlmiş bir razılaşma” adlandırır. 1971-ci il avqustun 15-də ABŞ prezidenti Riçard Nikson qəti şəkildə dolları qızıldan ayırdı və dünyada petrodollar dəbə düşdü. İlk dövrlərdə bunun ABŞ üçün çox böyük faydası oldu.
1973-cü ildən bəri neft dolları sistemi neft istehsal edən ölkələri, xüsusən də OPEC üzvlərini neftlərini dollara satmağa məcbur edirdi. Bu mexanizm eyni zamanda idxalçı ölkələri dollar ehtiyatlarını saxlamağa və öz növbəsində bu dollarları ABŞ Xəzinədarlığının istiqrazlarına yenidən investisiya qoymağa məcbur edirdi.
Problemin miqyasını göstərmək üçün qeyd etmək lazımdır ki, 1980-ci ildə qlobal neft istehsalı gündə təxminən 60 milyon barelə çatdı və 1 barelin qiyməti təxminən 30 dollar idi. Təbii qaz gəlirləri istisna olmaqla, bu, gündə təxminən 1,8 milyard dollar və ya ildə təxminən 657 milyard dollar maliyyə axınına bərabər idi. Müqayisə üçün deyək ki, 1980-ci ildə ABŞ-ın pul kütləsi (M2) təxminən 1 trilyon 599 milyard ABŞ dolları, federal borc isə cəmi 964 milyard dollar olaraq qalmışdı.
1970-ci illərin ortalarından başlayaraq istehsalçı ölkələr çox böyük miqdarda dollar likvidliyi ehtiyatları topladılar və bu ehtiyatları ABŞ Xəzinədarlıq istiqrazlarına və digər aktivlərə fəal şəkildə investisiya etdilər. Beləliklə, neft hasilatı təkcə sərvət generatoru deyil, həm də dolayı yolla dollarla ifadə olunan pul kütləsinin genişlənməsinin hərəkətverici qüvvəsinə çevrildi.
C.Qrant hesab edir ki, bu qərar fəlakətli nəticələrə səbəb oldu. O, iddia edir ki, təminatsız pul ABŞ-da maliyyə intizamını məhv etdi, milli borcun davamlı artmasına səbəb oldu və xroniki inflyasiyaya səbəb oldu.
Bununla belə, ictimaiyyət mərkəzi bankların faiz dərəcələrini süni şəkildə aşağı saxlamasına öyrəşmişdi. Eyni şey ölkənin mərkəzi bankının qiymətli kağızlar aldığı, yeni pul çap etdiyi və böhran riskini azaltdığı kəmiyyət yumşaldılmasına (Quantitative Easing – QE) da aiddir. Kəmiyyət yumşaldılması çərçivəsində mərkəzi bank istiqrazlar və digər qiymətli kağızlar alır, pul bazasını artırır və iqtisadiyyata əlavə vəsaitlər daxil edir.
Qrantın sözlərinə görə, əgər gələcəkdə kimsə müasir pul sisteminin çökməsinin səbəblərini araşdırsaydı, çox güman ki, bunun səbəbini yüksək borc səviyyəsi ilə əlaqələndirərdi. Gələcəyin “pul arxeoloqları” faiz dərəcələrini süni şəkildə aşağı saxlayan mərkəzi bankirləri günahlandıracaqlar. Bu, kreditləşmənin kəskin artmasına və dolların sabitliyinin pozulmasına gətirib çıxarır.
Pul idarəçiliyi ilə bağlı dəyərli dərslərə qədim tarixdə də rast gəlmək olur. Qrant Roma-Bizans qızıl sikkəsi olan solidusu müsbət nümunə kimi göstərir. Böyük Konstantin onu eramızın 309-310-cu illərində dövriyyəyə buraxmışdı. Sikkənin çəkisi təxminən 4,5 qram idi.
Qrantın sözlərinə görə, solidus 600 ildən artıq müddətdə çəkisini və tərkibini dəyişməmişdir. Uzun müddət bu sikkələr Avropada bir növ əsas valyuta kimi xidmət etmişdir.
Bugünkü təminatsız valyutalar dünyasında, son illərdə, xüsusən də inkişaf etməkdə olan ölkələrdə mərkəzi bankların özlərinin çoxlu miqdarda qızıl alması maraqlı paradoks yaradır. Qrant bunu özünəməxsus şəkildə belə qiymətləndirir: “Pul çap edənlər çap edə bilmədikləri şeylərə dəyər verməyə başlayırlar”.
Avropa Mərkəzi Bankı (AMB) tərəfindən bu ilin iyun ayında dərc edilmiş hesabata görə, qızıl artıq ABŞ Xəzinədarlığının istiqrazlarını üstələyərək mərkəzi banklar tərəfindən saxlanılan ən böyük ehtiyat aktivinə çevrilmişdir. Ötən ilin sonunda qlobal mərkəzi bank ehtiyatlarının 27 faizini qızıl, 22 faizini ABŞ xəzinədarlıq istiqrazları və 15 faizini avro təşkil edirdi.
Mərkəzi banklar tərəfindən qızılın aktiv alışı ötən il və bu ilin əvvəlində onun qiymət artımına əhəmiyyətli dərəcədə təsir göstərib. 2026-cı il yanvar ayının sonunda spot bazarında qiymətli metalın bir troy unsiyası rekord həddə - 5 min 417 dollara çatıb. Halbuki 2024-cü ilin sonunda onun qiyməti 2624 dollar olub.
Düzdür, rekord həddə çatdıqdan sonra qiymət düşdü. Cümə axşamı günü bir troy unsiya qızılın qiyməti 4048 dollar olub. Lakin buna baxmayaraq, yeni artım üçün əsas səbəblər qalır. Geosiyasi qeyri-müəyyənlik, ölkələr arasında artan inamsızlıq, yüksək səviyyəli dövlət borcları və inflyasiya narahatlıqları qızıla tələbatı “dəstəkləyir”.
Maraqlıdır ki, Qrant qızılın “imitasiya effekti” sayəsində pul sistemindəki mühüm rolunu bərpa edə biləcəyini irəli sürür. Təkcə Çin lideri Si Cinpinin ölkənin prioritet ticarət tərəfdaşlarına hesablaşmalar üçün əsas olaraq qızılla dəyişdirilə bilən yuanı təklif etməsini təsəvvür etmək yetərlidir. Bu, Çin valyutasının dollara nisbətdə mövqeyini gücləndirəcək.
Fikrini daha da genişləndirən Qrant belə hesab edir ki, Çinin bu addımına ABŞ buna qızıla konvertasiya oluna bilən dövlət istiqrazları buraxmaqla cavab verə bilər.Təzyiq altında olan ABŞ Federal Ehtiyatlar Sistemi də balansını gücləndirmək üçün qızıl almağa başlaya bilər.
Özünü qızılın sadiq müdafiəçisi hesab edən Qrantın sözlərinə görə, beləliklə, pul sistemi tədricən “sağlam pula” doğru irəliləyəcək. Bu halda, onun sevimli qiymətli metalı parlaq bir gələcəklə mövqeyini gücləndirməyə davam edə biləcək.
İlqar RÜSTƏMOV
"Xalq qəzeti"