Gələn aydan Qazaxıstanda yeni konstitusiya qüvvəyə minir.
Medianews.az xəbər verir ki, həmin vaxtdan, yəni iyulun 1-dən ölkədə Məclis və Senatdan ibarət ikipalatalı parlament buraxılmalı və iki aydan gec olmayaraq yeni qanunverici orqan seçilməlidir.
Martın 15-i referendumda qəbul edilmiş yeni konstitusiyaya görə, birpalatalı parlament – Qurultay proporsional sistemlə (partiya siyahıları üzrə) 5 il müddətinə seçilən 145 nəfərdən ibarət olur.
Ana qanun dövlət başçısının – prezidentin ümumxalq səsverməsində 7 il müddətinə seçilməsini nəzərdə tutur. Heç kim bir dəfədən artıq dövlət başçısı mandatı ala bilməz. Bu normanın dəyişdirilməsi yasaqdır.
40 yaşına çatan, son 15 ildə ölkədə yaşayan, ali təhsilli, dövlət orqanlarında az beş il iş təcrübəsi olan şəxsin prezidentliyə namizədlik hüququ var.
Prezident siyasi partiya üzvü ola bilməz.
Dövlət başçısının yaxın qohumlarının hər hansı dövlət vəzifəsi tutması qadağandır.
Prezident vitse-prezidenti, baş naziri parlamentin razılığı ilə təyin edir.
Hökumət üzvlərinin təyinatında (xarici işlər, müdafiə və daxili işlər nazirlərindən başqa) baş nazirin təqdimatı əsas götürülür.
Prezident vəfat etdikdə və ya vəzifədən vaxtından əvvəl getdikdə dövlət başçısının səlahiyyətləri vitse-prezidentə, bu mümkün olmadıqda parlament sədrinə, bu da mümkün olmadıqda baş nazirə keçir.
Qazaxıstanda prezident postunu Qasım-Comərd Tokayev tutur.
1953-cü il təvəllüdlü Qasım-Comərd Tokayev 1992-ci ildən Qazaxıstan xarici işlər nazirinin müavini, 1993-cü ildən birinci müavini olub. 1994-cü ildə xarici işlər naziri postuna təyinat alıb, 1999-cu ildə əvvəl baş nazirin müavini, ardınca baş nazir vəzifəsinə keçirilib.
2002-ci ildən Qasım-Comərd Tokayev dövlət katibi-xarici işlər naziri, 2003-cü ildən xarici işlər naziri postlarında fəaliyyət göstərib, 2007-ci ildən Qazaxıstan parlamentinin yuxarı palatası olan Senata sədrlik edib.
2011-ci ildən BMT baş katibinin müavini olan Qasım-Comərd Tokayev 2013-cü ildə yenidən Senatın sədri seçilib.
2019-cu il martın 20-də Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev istefa verib, Qasım-Comərd Tokayev prezident andı içərək dövlət başçısı kürsüsünə oturub, həmin il iyunun 9-da keçirilmiş növbədənkənar prezident seçkisində qalib gəlib.
2022-ci il sentyabrın 17-də prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb, bir dəfədən artıq seçilməyə yasaq qoyulub, noyabrın 20-də Qasım-Comərd Tokayev daha bir növbədənkənar seçkidə yenidən prezident mandatı alıb.