Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderləri ilə telefonla danışandan sonra bəyan edib ki, danışıqlarda İranla sülhə dair Anlaşma Memorandumu ilə bağlı məsələlərlər müzakirə olunub.
Medianews.az-ın məlumatına görə, Tramp bildirib ki, saziş əsasən razılaşdırılıb və prosesin ABŞ, İran və digər ölkələr arasında tam yekunlaşması həyata keçirilir: "Ayrıca İsrailin Baş naziri Benyamin Netanyahu ilə də çox yaxşı danışıq apardım. Sazişin son aspektləri və təfərrüatları hazırda müzakirə edilir və tezliklə açıqlanacaq. Hörmüz boğazı da açılacaq”.
Bundan az sonra Anlaşma Memorandumunun layihəsi ABŞ mediasında açıqlanıb.
Layihədə atəşkəsin 60 gün uzadılması, İran limanlarının blokadasının ləğvi, İrana qarşı sanksiyaları yumşaldılması nəzərdə tutulur.
Layihəyə əsasən, atəşkəs müddətində Hörmüz boğazı gəmiçilik üçün açıq olacaq və İran sərbəst şəkildə neft ticarəti edə biləcək.
İranın Hörmüz boğazını minalardan təmizləməyə başlaması da layihədə qeyd edilir.
Layihəyə görə, ABŞ tam razılaşma bağlanana qədər İran ətrafında hərbi mövcudluğunu saxlayacaq və İranın nüvə proqramı ilə bağlı danışıqlar davam etdiriləcək.