Rusiyadan mühacirət etmiş jurnalistlərin Latviyada təsis etdiyi “Meduza” internet nəşri Rusiya parlamentinin (Federal Məclis) aşağı palatasına – Dövlət Dumasına sentyabrın 18-20-nə təyin olunmuş seçkidən şərh yayıb.
450 yerlik Dumanın 225 üzvü proporsional sistemlə (partiya siyahıları üzrə), 225 üzvü majoritar sistemlə (dairələrdən) seçilir.
Səlahiyyət müddəti beş il olan aşağı palataya düşmək üçün indiki Duma heyətindən hakim Vahid Rusiya Partiyası, Kommunist Partiyası, Ədalətli Rusiya Partiyası, Liberal Demokrat Partiyası, Yeni Adamlar Partiyası və daha 6 partiya mübarizə aparır.
Vahid Rusiya Partiyasına sabiq prezident, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev sədrlik edir.
“Meduza” yazır ki, Rusiya Prezidentinin Administrasiyası Dövlət Duması seçkisində Vahid Rusiya Partiyasından gözlədiyi nəticəni ikinci dəfə aşağı salıb: “Martda partiya üçün 55 faizlik hədəf qoyulmuşdu, indi Kreml 45 faiz səslə kifayətlənməyə hazır görünür. Prezident Administrasiyası Vahid Rusiya Partiyasının 50 faiz seçici fəallığı şəraitində 55 faiz səs toplamalı olduğunu açıqlayanda, yəni 2026-cı ilin martında “Meduza”nın regional administrasiyalardakı mənbələri qeyri-rəsmi hədəfin daha yüksək – 55 faiz seçici fəallığı fonunda 60 faiz olduğunu vurğulayırdı.
İyun ayında hakimiyyətə yaxın media Prezident Administrasiyasının hədəfi 50 faizə endirdiyini yazdı. O vaxt “Meduza”nın administrasiyaya yaxın qaynağı bunun son qərar olmadığını deyirdi. İyulun ortalarında bu proqnoz doğru çıxıb. Mərkəzi, Şimal-Qərb və Uzaq Şərq federal dairələrindən məmurlar, Vahid Rusiya Partiyasının təmsilçiləri və Prezident Administrasiyasına yaxın mənbələr bildirirlər ki, bir sıra region üçün yeni hədəf 45 faizdir. Seçici fəallığı ilə bağlı tələb isə dəyişməyib və 50 faiz olaraq qalır.
Federal dairələrdən birində seçkilərə cavabdeh olan məmur deyib ki, onların regionu üçün əvvəlcə 55 faiz, sonra 50 faiz, indi isə 45 faiz göstəricisi müəyyənləşdirilib.
“Meduza”nın həmsöhbətləri bildirirlər ki, eyni yanaşma başqa bölgələrə tətbiq olunur. Ənənəvi olaraq hakim dairələrə bağlı sayılan regionlarda da əvvəlki tələblər yumşaldılıb. Həmin bölgələrdə indi hakim partiyaya 50-55 faiz seçici fəallığı fonunda təxminən 50 faiz səs gözlənir.
Yalnız seçkilərdə anormal yüksək nəticələr göstərən və siyasi dairələrdə “seçki sultanlıqları” adlandırılan regionlarda göstəricilərin dəyişmədiyi bildirilir. Mənbələrdən biri bunu belə izah edib: “Orada saxtakarlıq mexanizmləri on illər boyudur işləyir”.
“Meduza”nın Prezident Administrasiyasına yaxın qaynağının sözlərinə görə, seçki siyasətində yumşalmanın əsas səbəbləri Ukraynanın neft emalı zavodlarına zərbələrinin doğurduğu benzin qıtlığı, bahalaşma və cəmiyyətin müharibədən yorulmasıdır, bu amillər həm Vahid Rusiya Partiyasının, həm də prezident Vladimir Putinin reytinqlərinə mənfi təsir göstərib”.
Rusiya Konstitusiyasına görə, baş naziri, baş nazirin müavinlərini və federal nazirləri prezidentin təqdimatı ilə Dövlət Duması təyin edir.
Yuxarı palataya – Federasiya Şurasına ölkənin hər subyektindən 2 nəfər və prezidentin təyin etdiyi şəxslər daxildir.
Prezident postunu Vladimir Putin tutur.
1952-ci il təvəllüdlü Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında xidmət edib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru (eyni zamanda Təhlükəsizlik Şurasının katibi) olub.
1999-cu il avqustun 16-da baş nazir postuna təyinat alıb. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000 və 2004-cü illərdə prezident seçilib. 2008-ci ilin may ayından baş nazir olub. 2012, 2018 və 2024-сü illərdə prezident mandatı alıb.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən dərhal sonra Rusiya Krım yarımadasını zəbt edib, martın 18-də bölgəni Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlara başlayıb, sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.
Ukrayna savaşı Rusiyaya baha başa gəlir, ölkə ağır sanksiyalara məruz qalıb, son vaxtlar artan cavab zərbələri isə onun kövrək iqtisadi-sosial həyatını daha da sarsıdır./Novator.az