Medianews.az
Avtobusda bu əşyaları daşımaq qadağandır –
134 baxış

Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki…

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakıda 211 nömrəli avtobusun sürücüsü ilə qadın sərnişin arasında mübahisə yaşanıb. Belə ki, avtobus sürücüsü azyaşlıya məxsus skuteri avtobusda aparmağa icazə verməyib və bunun qaydalara zidd olduğunu bildirib.

“Baku Bus” MMC-dən isə bildirilib ki, məsələ araşdırılıb və müəyyən edilib ki, avtobus sürücüsü tərəfindən uşaq skuterinin avtobusda daşınması ilə bağlı qüvvədə olan qaydalar düzgün tətbiq edilməyib.

Qurumdan verilən açıqlamada qeyd olunub ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 5.1-ci bəndinə əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ölçüləri 60x40x20 sm-dək, çəkisi isə 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını ödənişsiz daşımaq hüququna malikdir.

Bəs ictimai nəqliyyatda hansı əşyaları aparmaq olar, hansı əşyaların daşınmasına isə icazə verilmir?

Qanunvericiliyə əsasən, avtobuslarda sərnişinlərin apardığı yük müəyyən edilmiş ölçü, çəki və təhlükəsizlik tələblərinə uyğun olmalıdır.

Sərnişin müntəzəm avtobus marşrutlarında: ölçüləri 60x40x20 sm-dən, çəkisi isə 20 kq-dan çox olmayan bir ədəd əl yükünü; uşaq arabasını ödənişsiz daşıya bilər.

Bundan əlavə, müəyyən edilmiş tarif əsasında, yəni sərnişin ödəniş etməklə daha iri ölçülü baqajların daşınmasına da icazə verilir. Belə ki, ölçüləri 60x40x20 sm-dən 100x50x30 sm-dək, çəkisi isə hər biri 60 kq-dan çox olmayan iki ədəd baqaj avtobusa qəbul edilə bilər.

Lakin ölçü və çəki normalarını aşan, həmçinin digər sərnişinlərin təhlükəsizliyinə və rahat hərəkətinə mane olan əşyaların daşınmasına yol verilmir.

Qaydalara əsasən, ictimai nəqliyyatda aşağıdakı əşyaların daşınması qadağandır:

*Partlayıcı maddələr və qurğular;

*Yanğın təhlükəli maddələr və materiallar;

*Zəhərli, radioaktiv və aşındırıcı maddələr;

*Digər sərnişinlərin sağlamlığına və rahatlığına təhlükə yaradan kəskin qoxulu əşyalar;

*Təhlükəsizlik baxımından düzgün qablaşdırılmayan predmetlər;

*Avtobusun salonunda keçidlərə mane olan, sərnişinlərin hərəkətini çətinləşdirən və təhlükə yaradan iri ölçülü əşyalar.

Qaydalar tələb edir ki, baqaj elə qablaşdırılmalıdır ki, nə sərnişinlərə, nə də nəqliyyat vasitəsinə zərər vurmasın. Avtobus salonunda daşınan əşyaların təhlükəsiz yerləşdirilməsinə görə isə sərnişin özü məsuliyyət daşıyır.

Maraqlıdır ki, qanunvericilikdə uşaq arabası ayrıca göstərilsə də, uşaq skuteri ilə bağlı ayrıca müddəa yoxdur. Buna görə də belə hallarda əsas meyar skuterin ölçüsü, çəkisi, avtobusda təhlükəsiz yerləşdirilməsi və digər sərnişinlərin hərəkətinə mane olub-olmamasıdır.

Yəni qanunda birbaşa qadağan olunmayan, lakin ölçü və təhlükəsizlik tələblərinə cavab verən əşyaların daşınmasına hər bir halda konkret vəziyyət nəzərə alınmaqla yanaşılmalıdır./Musavat.com

Bizə qoşulun