Medianews.az
İran müharibəsi və Avropada inflyasiya
88 baxış

İran müharibəsi və Avropada inflyasiya

İran müharibəsi Avropada inflyasiyanı gücləndirə bilər. Medianews.az-ın məlumatına görə, iqtisadçılar deyirlər ki, neft və qazın bahalaşması avro zonasında qiymət artımını sürətləndirə və Avropa Mərkəzi Bankını uçot dərəcəsini qaldırmağa məcbur edə bilər.

Avropada yanacaq qiymətlərini izləyən “Fuelo” platformasının məlumatına görə, Milanda Aİ-95 benzininin litri 1,89 avro, dizelin litri isə 2,10 avrodur. Parisdə benzinin litri 1,92 avro, dizelin litri 2,06 avro təşkil edir. Frankfurt bu şəhərlər arasında ən bahalısı olaraq qalır – burada Aİ-95 benzininin litri 2,12 avro, dizelin litri 2,19 avrodur.

Avropa ölkələrinin əksəriyyəti xam neft və qaz idxalçısıdır. Buna görə də İran müharibəsi, enerji qiymətlərinin artması Avropa iqtisadiyyatına birbaşa təsir göstərir, Avropada inflyasiya riski doğurur. Hesablamalara görə, neft qiymətlərində 10 faiz artım avro zonasında inflyasiyanı təxminən 0,3 faiz yüksəldə bilər.

Ehtimallara görə, neftin bir barreli təxminən 80 dollar səviyyəsində sabitləşsə, avro zonasında inflyasiya qısa müddətə 2,5 faizə yüksələ, amma bir qədər sonra 2 faizdən aşağı düşə bilər.

Neftin qiyməti 100 dollara, qazın qiyməti isə daha yüksək səviyyəyə çatsa, 2026-cı ildə Avropada orta inflyasiya 2,4 faiz təşkil edə və iqtisadi artım zəifləyə bilər.

Mütəxəssislər hesab edirlər ki, enerji qiymətlərinin artımına əvvəlki sayaq müvəqqəti faktor kimi yanaşmaq mümkün deyil. Enerji qiymətlərindəki şoklar inflyasiya gözləntilərinə təsir göstərdiyi üçün mərkəzi banklar daha sərt tədbirlər görmək məcburiyyətində qala bilər.

Maliyyə proqnozları platforması olan “Polymarket”in məlumatına görə, hazırda bazarlar 2026-cı ildə Avropa Mərkəzi Bankının faiz dərəcələrini artırması ehtimalını 42 faiz səviyyəsində qiymətləndirir. İranda müharibə başlamazdan əvvəl bu göstərici cəmi 12 faiz idi.

Analitiklərin fikrincə, enerji qiymətləri yüksək qalsa, Avropa Mərkəzi Bankı yaxın aylarda pul siyasətini yenidən sərtləşdirmək məcburiyyətində qalacaq.

Medianews.az

Bizə qoşulun