Medianews.az
Həyatımızı idarə edən hormon -
110 baxış

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır.

Medianews.az xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə, immun sistemə və qan təzyiqinə təsir etdiyi qeyd olunur.

Bildirilir ki, bu hormon karbohidrat, yağ və zülal mübadiləsində iştirak edir, həmçinin qanda qlükoza səviyyəsini artıraraq orqanizmə enerji təmin edir.

Məlumata görə, kortizol səviyyəsi gün ərzində dəyişkəndir və səhər saatlarında daha yüksək, axşam saatlarında isə daha aşağı olur. Bu səbəbdən onun ölçülməsi adətən səhər saatlarında aparılır.

Mütəxəssislər qeyd edirlər ki, kortizol hər zaman yalnız stress səbəbilə yüksəlmir. Bəzi hallarda patoloji səbəblərdən həddindən artıq artaraq Kuşinq sindromuna yol aça bilər. Bu vəziyyət böyrəküstü vəzilərin və ya hipofiz vəzinin normadan artıq hormon ifraz etməsi ilə əlaqələndirilir.

Yüksək kortizol səviyyəsinin yorğunluq, halsızlıq, qarın və üz bölgəsində piy yığılması, dərinin nazikləşməsi, əzələ zəifliyi, yüksək təzyiq, emosional dəyişikliklər, depressiya və narahatlıq kimi əlamətlərlə özünü göstərə biləcəyi bildirilir.

Qeyd olunur ki, kortizol balansının qorunmasında həyat tərzi mühüm rol oynayır. Stressin idarə olunması, müntəzəm fiziki aktivlik, sağlam qidalanma, nəfəs məşqləri və kifayət qədər yuxu hormon səviyyəsinin tənzimlənməsində əsas amillər kimi göstərilir.//Milli.Az

Bizə qoşulun