Medianews.az
Gorun çatlasın, Femida və ya Avropadakı
72 baxış

Gorun çatlasın, Femida və ya Avropadakı şarlatanlar

İlk baxışda belə görünür ki, qərəzli mövqelərinə cavab olaraq Azərbaycanın rəsmən əlaqələrini kəsdiyi Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasından (AŞ PA) sonra Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) də ölkəmizə qarşı hücuma keçib. Xeyr, özünü “ədalət mücəssiməsi” kimi təqdim edən bu qurumun Azərbaycana qarşı qərəzi yeni deyil...

Hələ 2021-ci ildə AİHM 2014-cü ildə əsirlikdə olan Ermənistan vətəndaşlarının (Mamikon Xocoyan və Karen Petrosyan) “yaşamaq, azadlıq hüquqlarının pozulması və işgəncələrə məruz qalması səbəbindən” Azərbaycanı hər bir iş üzrə 40 min avro (ümumilikdə 80 min avro) təzminat ödəməyə məhkum etmişdi. Ermənistanın Tavuş vilayətinin iki “mülki” sakininin 2014-cü ilin əvvəlində və avqustunda sərhədi keçərək Azərbaycana qarşı təxribat törətmək cəhdi göstərilən zamanı əsir götürülməsinin qarşılığında Məhkəmə belə bir qərar çıxarmışdı. Bildirilirdi ki, onlardan biri əsirlikdə, digəri isə geri qaytarıldıqdan qısa müddət sonra vəfat edib. 

Avropa İnsan Hüquqları Məhkəməsi — Vikipediya

AİHM Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncələrin qadağan olunması) və 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddələrini pozduğunu iddia etmişdi. Sən torpaqlarını on illərlə işğal altında saxladığın ölkənin ərazilərinə casus-kəşfiyyat məqsədilə adamlar göndər, ifşa olunduqdan sonra da hay-küy qaldır, Avropanın da “bərkgedən” qurumundan dəstək gəlsin, zərərçəkəni mühakimə etsin. Bax, həyasızlığın beynəlxalq səviyyədə tanınması, təbliği belə olur! Elə məhz erməni kəşfiyyatçıların hərəkət etdiyi istiqamətdən Tovuz istiqamətində Ermənistanın “yeni ərazilər uğrunda” hücumu baş verdi 2020-ci ildə...Burunları əzildi, amma Azərbaycanın igid oğullarının qanı hesabına. General Polad Həşimov kimi qəhrəmanımız şəhid oldu. Bəs, onun və onların yaşamaq hüququ yox idimi? Şəhidlərimizin ailəsinin, övladlarının ürəyi daşdandırmı? Necə olur, işğalçı, terrorçu layiqli cavabını alanda, zərərsizləşdiriləndə, hətta öz əcəli ilə öləndə Avropa Məhkəməsinin “ürəyi tutur”, amma Azərbaycan durduğu yerdə bu qədər işğal, soyqırım faktına məruz qalır, 4 min əsir və itkinindən xəbər verilmir, bu faktlara məhəl qoyulmur?! Azərbaycan ərazisinə keçən Xocoyan cəmi bir aydan sonra Ermənistana qaytarılmışdı. Və evinə dönəndən iki ay sonra ölmüşdü. Onun ölümünə görə Azərbaycanmı cavab verməli idi, yoxsa Ermənistan? Bəlkə onun zəruri tapşırıqları icra etmədiyinə görə cəzalandırıblar...Amma Avropa Məhkəməsini həqiqət maraqlandırmır(dı).


Milli Meclis: Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında

Necə ki, Avropa İnsan Hüquqları Məhkəməsi bu ilin 18 iyununda Azərbaycanı 2016-cı ilin aprel döyüşlərində ölmüş erməni mayora görə cəzalandırmağı qərara alıb. Nonsesdir! Ermənistanın işğalçı ordusunun hərbçisi Talış kəndində (!!!) məhv edilib və buna görə AİHM ölkəmizlə bağlı cəza hökmü çıxarıb: işğalçı zabitin valideynlərinə və bacısına 90 min avro, xərclərə görə isə 14 min avro kompensasiya ödənilməsi tələbi qoyulub. Yenə də Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi (yaşamaq hüququ) və 3-cü maddəsi (işgəncə və qeyri-insani rəftar qadağası) üzrə pozuntularda günahkar elan olunub ölkəmiz. Amma erməni zabitin Talış kəndində nə ölümü var idi, sualına cavab axtarılmayıb. Təbii ki, Azərbaycan bu ittihamları rədd edir və hadisələrin aktiv hərbi əməliyyatlar şəraitində baş verdiyini və cəsədlərin mübadiləsi zamanı cinayət əlamətlərinin aşkarlanmadığını bildirir. Həmçinin Məhkəmənin yurisdiksiyası və işin sübut əsasları da mübahisələndirilir. Söhbət Azərbaycana qarşı ifrat şəkildə həyasızlığın nümayişindən gedir. Birinci və İkinci Qarabağ müharibələrində, həmçinin Aprel döyüşlərində, 1994-cü ildən sonrakı illərdə mövcud olan atəşkəs illərində o qədər cinayətlərə məruz qalmışıq ki...Elə Aprel döyüşlərindən bir neçə ay sonra, 2017-ci ilin fevralında 5 hərbçimiz qətlə yetirildi, meyitlərin götürülməsinə belə, imkan vermirdi işğalçılar. Milli Qəhrəmanımız Mübariz İbrahimovun, digər neçə-neçə igidimizin nəşinin alınması nə qədər əziyyətlər hesabına başa gəldi. Bəs, onların öz torpaqlarında yaşamaq hüququ, ailələrə dəymiş mənəvi zərbə? Avropa Məhkəməsinin hakimləri erməni canilərinə qahmar çıxarkən niyə bu barədə düşünmürlər? Başa düşürük, pul gözlərini örtüb, məlumata görə, Ermənistanı təmsil edən nümayəndə saatı 20 min avbro qarşılığında xidmət göstərir. Üstəlik, çirkli pullar hesabına qərar çıxartmağa təşnə olan “ədalət keşikçiləri”.

1 milyon 200 min, yoxsa 618 min 363? Araşdırma | Kaspi.az

Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkününün yaşamaq hüquqları bunları heç zaman düşündürmədi on illər boyunca. Nə Ermənistandan qovulanların başına gətirilənlər, nə Bağanis Ayrımda, Xocalıda, Ağdabanda, Başlıbeldə, Meşəlidə...törədilən soyqırım faktları, nə borulara doldurulub, ağzı qaynaq edilən körpələrimiz, nə təcavüzə məruz qoyularaq, qətlə yetirilən qız-gəlinlərimiz, nə köməksiz vəziyyətdə güllələnən, kütləvi dəfn edilən mülki sakinlərimiz onların tükünü belə, tərpətmədi. Natiq Qasımov kimi, minlərlə vətəndaşımızdan bu günə qədər soraq yoxdur. AİHM bu faktları görməzdən gəlir. Torpaqlarımızı işğaldan azad etdikdən sonra çoxsaylı kütləvi qəbiristanlıqlar aşkarlanıb və DNT araşdırmalarından sonra bir neçə vətəndaşımızın, hərbçimizin sümüklərinin qalıqları tanınaraq, 30-35 il sonra (!!!) dəfn edilib, ailələrin gözləri yollardan yığılıb. Amma hələ 4 min ailənin gözləri yoldadır! AİHM o insanları niyə düşünmədi heç zaman?!     

Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıların insan hüquqlarının kobud şəkildə pozulmasına görə illər öncə Ermənistana qarşı AİHM müraciət təqdim edib. 2022-ci ilin may-avqust aylarında Ermənistanın Laçın şəhərini və iki qonşu kəndi tərk etməsi zamanı əmlakın, o cümlədən yüzlərlə mülki evin və digər yaşayış sahələrinin qəsdən və məqsədyönlü şəkildə dağıdılmasına dair bir sıra sübutlar ünvanlasa da, Ermənistan cəzalandırılmayıb. Hansı ki, Azərbaycan humanizm nümayiş etdirərək Laçını boşaltmaq üçün Ermənistana vaxt vermişdi. Amma düşmən işğal zonasını tərk edəndə evlərimizi, meşələrimizi yandırdılar. Üstəlik, Ermənistan silahlı qüvvələri 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən tərk etməli olduqları ərazilərdə minalar, habelə mülki evlərdə mina tələləri yerləşdirməkdə davam etdilər. Amma nə olsun, AİHM heç 2021-ci ildə istehsal olunmuş və Laçın yolu vasitəsilə Azərbaycana gətirilmiş minalarla bağlı da Ermənistanı cəzalandırmağa lüzum görmədi! Yer üzündən silinmiş Şərqi Zəngəzur və Qarabağda nə qədər cinayətlər törədilib, amma AİHM Ermənistanı yox, Azərbaycanı cəzalandırır! Ermənistan hətta mina xəritələrini belə, Azərbaycana təhvil vermir, 400-dən artıq vətəndaşımız təkcə 2020-ci il anlaşmasından sonra mina qurbanına çevrilib, vətəndaşlarımız təsərrüfatla, əkinçiliklə məşğul olduqları zaman mina partlayışının qurbanı olurlar, AİHM görünür bu mənzərədən zövq alır...

1763370827_1740158920_49df5bf5-8261-3421-bfae-842ba5965b84_850.jpg (182 KB)

AİHM-in himayə etdiyi Ermənistan o ölkədir ki, orada on illərdir bir nəfər də olsun Azərbaycan türkü yaşamır! 30 ildən artıq müddətdə işğal altındakı torpaqlarımızın yeraltı və yerüstü sərvətlərini, maddi-mədəniyyət nümunələrimizi talayıblar, məhv ediblər. Yüz minlərlə insanımızın normal yaşamaq hüququ əlindən alınıb...

Şəxsən mənim AİHM-in bu hökmünə nifrətim sonsuzdur! Əvvəla, bir Azərbaycan vətəndaşı olaraq Vətənimə qarşı bu alçaq münasibəti qəbul edə bilmirəm. Həm də ona görə ki, bu sətirlərin müəllifinin iki əzizi heç 19 yaşını tamamlaya bilmədi, AİHM-in, AP, AŞ PA-nın himayə etdiklərinin işğalçı, terrorçu əməllərinə görə, ömürlərinin ən gözəl vaxtında şəhid oldular! Onların haqqını hansı məhkəmə qaytaracaq? Deyək ki, mən Ermənistana qarşı məhkəmə iddiası qaldırsam, AİHM təmin edəcəkmi, Əli Rzalı və Şahin Tahirlinin ailəsinə təzminat ödənilməsi barədə qərar çıxarılacaqmı? Eləcə də Vətən Müharibəsində şəhid olmuş 3 min üzü nurlu, həyat eşqi dolu olan gənclərimiz, igidlərimizin yaxınlar... Birinci Qarabağ Müharibəsində şəhid olan, itkin düşən, girov götürülənlərimiz...Bəs, onların yaşamaq hüququna görə kim cavab verəcək?! O gənclərin ata-anası, bacısı yoxdurmu? Gəncə, Naftalan, Bərdə, Tərtərdə...qətlə yetirilən körpələr ahı tutsun belə çirkin oyunbazları, insan qanı üzərində bazarlıq edənləri! Xocalıda şəhid edilən, Şəhidlər Xiyabanında uyuyan 5 yaşı adsız qızcığazın qatillərini, Füzulidə 2 yaşlı Zəhranı nənəsi ilə birgə həyətlərində qanına qəltan edənləri himayə edir bu, sərvət düşkünü olan şarlatanlar!

Ekoloji terrorun Oxçuçay nümunəsi... - "İki sahil"

Ermənistan Oxçuçaya zəhərli maddələr axıtmaqla ekoloji terrorunu hələ də davam etdirir. Amma nə olsun? Avropa Sülh Fondu Ermənistana silah almağa pul göndərir, Avropa Komissiyası elə bu günlərdə 34 milyon avroluq “dəstək” verdi. Avropa Parlamenti, AŞPA Azərbaycan haqqında qətnamə çıxarıb, Bakıda, Ədalət Məhkəməsində layiqli cəzalarını almış erməni canilərini müdafiə edir, ölkəmizə qarşı alçaq, riyakar mövqe sərgiləyir. Yəqin ERMƏNİSTANA MALİYYƏ DƏSTƏYİ kampaniyası çərçivəsində Azərbaycanı cərimələmək hesabına bu ölkəyə böyük pullar ötürmək öhdəliyi götürüb korrupsiyalaşmış “məhkəmə-hüquq” şəbəkəsi...Bu qətnamə ilə həm də presedent yaratmaqda davam edirlər. Azərbaycana yüz milyardlarla ziyan vuran Ermənistanı işğal və terrora görə cəzalandırmaq əvəzinə, ölkəmizin üstünə gəlirlər...Vaxtaşırı belə anti-Azərbaycan qərarlar çıxaracaqlar, həm ölkəmizə maliyyə çətinliyi yaşatmaqdan ötrü, həm də daim başımızın üzərində erməni məsələsini “Domokl qılıncı” kimi saxlamaq üçün...Riyakar plandır! Estafet çubuğu hələlik AİHM-in əlindədir, yəqin bir azdan AŞ PA və AP-a ötürərlər. Görün, mifologiyaya görə, ədalət mühakiməsi ilahəsi adına kimlər iddia edir. Biz belə görmüşdük: “Qalxın, məhkəmə gəlir!” Yəni ədaləti təmin etməyə...Amma bunlar...Femidanın goru çatlamasın, neyləsin?.. Sizin ədalətinizə...Lənət şeytana!

Beləcə, erməni cinayətlərinin müdafiəsi prosesi davam edir. Biz bunları çoxdan tanıdıq, lap çoxdan. Simaları bəllidir, təəccüblənmirik. Amma geri də çəkilməyəcəyik, işğal dövründə ərazilərimizin ilhaqına hüquqi don geyindirmək istəyənlər yenə də üstümüzə gəlirlər, bu dəfə “hüquq”, “məhkəmə” müstəvisində...Qalib Azərbaycan onlara yerini gəstərəcək şübhəsiz ki...Qapını üzlərinə çıxarmağın vaxtı yetişib, deyəsən...  

Elşad PAŞASOY

Bizə qoşulun