Medianews.az
Dünyanın ən kiçik kitabı bu universitetdədir -
104 baxış

Dünyanın ən kiçik kitabı bu universitetdədir - FOTO/VİDEO

Türkiyənin Ege Universiteti nəzdində fəaliyyət göstərən Ege Universiteti Kağız ve Kitap Sənəti Muzeyində dünyanın ən kiçik kitablarından biri nümayiş etdirilir.

Medianews.az Türkiyənin “İlhas” xəbər agentliyinə istinadən xəbər verir ki, 2012-ci ildə yaradılan muzey kağız və kitab sənətinə dair zəngin kolleksiyası ilə diqqət çəkir.

Muzeydə ziyarətçilərin ən çox maraq göstərdiyi eksponatlardan biri ipək kağız üzərində əl ilə çap olunan və ölçüsü cəmi 2,4 x 2,9 millimetr olan miniatür kitabdır.

XIX əsrə aid Ballian malikanəsində yerləşən muzeydə kağızın istehsalından sənət əsərinə çevrilməsinə qədər olan proses, kitab sənəti, çap texnologiyası və miniatür kitablar haqqında bölmələr təqdim olunur.

Kolleksiyada XV əsrdən bu günə qədər olan müxtəlif rəngli kağız nümunələri, ekslibris işləri və müasir kağız sənəti əsərləri də yer alır. Muzeydə həmçinin Endi Vorholun üçölçülü kitabları, eləcə də “Balaca şahzadə”, “Mobi Dik” və “Alisa möcüzələr diyarında” kimi məşhur əsərlərin xüsusi versiyaları sərgilənir.

Muzey rəhbərliyinin sözlərinə görə, burada yalnız sərgi deyil, həm də seminarlar, ustad dərsləri və təlim proqramları keçirilir. Məqsəd xüsusilə uşaqlar və gənclər arasında kitab və kağız sənətinə marağı artırmaqdır.

Medianews.az

Bizə qoşulun