Medianews.az
Dünya futbol çempionatı:
306 baxış

Dünya futbol çempionatı: Niyə əksəriyyət bir söz deyir?

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi builki dünya futbol çempionatında İspaniya millisinin qalib gələcəyini düşünənlər çoxdur. Medianews.az-ın yenicə keçirdiyi sorğuda iştirak edən Azərbaycanın idman jurnalistləri də “2026-cı ildə dünya çempionu olmağa hansı komandalar şanslı görünür” sualına cavab verərkən ilk yerdə məhz İspaniya yığmasını göstəriblər.

İspaniya indiyədək yalnız bir dəfə - 2010-cu ildə dünya çempionu olub. Beşqat dünya çempionu Braziliyanın, dünya kubokuna dörd dəfə yiyələnmiş Almaniyanın, bu zirvəyə üç dəfə qalxmış Argentinanın, iki dəfə dünya çempionu olmuş Uruqvay və Fransanın, dünya çempionu adını bir dəfə qazansa da, futbolun vətəni sayılan İngiltərənin iştirak etdiyi yarışda İspaniyanı favoritə çevirən nədir?

Medianews.az-a bu barədə danışan tanınmış idman icmalçısı Rasim Mövsümzadə deyir ki, İspaniya yığmasını DÇ-2026-nın əsas favoritlərindən birinə çevirən son illər göstərdiyi sabit oyun və yüksək nəticələrdir: “Komanda 2024-cü ildə Avropa çempionatının qalibi olub. İspanlar həmin yarışda Xorvatiya, İtaliya, Almaniya, Fransa və İngiltərə kimi rəqibləri məğlub edə biliblər.

İspaniya millisi topa nəzarətə və qısa ötürmələrə əsaslanan oyun üslubu ilə seçilir. Məhz bu xüsusiyyət onu məğlub edilməsi müşkül olan komandalardan birinə çevirib. Son üç ildə heç bir rəqib rəsmi matçların əsas və ya əlavə vaxtında İspaniyaya qalib gələ bilməyib. Komanda yalnız 2024-cü ildə yoldaşlıq görüşündə Kolumbiyaya (0:1) və ötən il UEFA Millətlər Liqasının finalında penaltilər seriyasında Portuqaliyaya uduzub.

Bu nəticələr İspaniyanın 2010-cu ildəki nailiyyətini təkrarlayaraq tarixində ikinci dəfə dünya çempionluğunu qazanmaq şansını yüksək qiymətləndirməyə əsas verir.

Komandanın baş məşqçisi Luis de la Fuente məşqçi kimi İspaniyanın U-19, U-21 və U-23 komandaları ilə uğur qazanaraq 2022-ci ildə əsas milliyə yüksəlib və onunla artıq Avropa çempionu tituluna sahib çıxıb”.

R.Mövzumzadənin fikrincə, İspaniya millisinin əsas gücü geniş və keyfiyyətli heyətidir: “Komandanın onurğa sütununu böyük ölçüdə “Barselona”nın futbolçuları təşkil edir. Ardıcıl ikinci mövsüm İspaniya çempionu olan klubun səkkiz təmsilçisi millinin DÇ-2026 üçün heyətində yer alıb. Bunlar ehtiyat qapıçı Joan Qarsia, müdafiəçilər Erik Qarsia və Pau Kubarsi, yarımmüdafiəçilər Qavi və Pedri, hücumçular Ferran Torres, Dani Olmo və ötən il olduğu kimi, bu il də “Qızıl top” mükafatına əsas namizədlərdən biri olan 18 yaşlı Lamin Yamaldır.

Heyətdə İngiltərə çempionu “Arsenal”ın da üç oyunçusu var. Bunlar qapıçı David Raya, yarımmüdafiəçilər Mikel Merino və Martin Zubimendidir.

Beləliklə, DÇ-2026-da İspaniyanı favoritlərdən birinə çevirən amillər son illərin uğurlu nəticələri, məğlubedilməz oyunlar seriyası, Luis de la Fuentenin rəhbərliyi altında formalaşmış sabit komanda modeli və yüksək səviyyəli futbolçulardan ibarət güclü heyətdir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun