“Artıq 80 yaşıma az qalıb. Onu da İnşallah Heydər Əliyev adına sarayda qeyd etməyi planlaşdırırıq. Hazırlıq işlərinə başlamışam, ifaçıların və ansambılın qeydlərini aparıram. Bu mənim təşkil etdiyim son konsert olacaq. Görün mən nə qədər sənətkarlar, xalq artistləri, əməkdar artistlər yetişdirmişəm. Onlar bir dəfə də maraqlanmayıblar ki, görəsən bizim müəllimiz nə yeyir, nə içir?! Bakıda iki evim var idi. Birini İcra Başçısı əməyimə hörmət edib vermişdi. Müəyyən müddət kirayələrdə qaldım. Hər dəfə köçəndə də şəxsi arxivim itdi. Mən yenə də şəxsi arxivimin böyük bir hissəsini qoruyub saxlamışam. O tələbələrimdən biri soruşmadı ki, ay Murad müəllim, harada yaşayırsız?! Hamısı efirdə villalarını göstərirdi. Mənim Ağdamda villam olanda, heç kimdə yox idi. Atam Mədəniyyət evinin direktoru idi. Arif Babayev, Sara Qədimova kimi sənətkarların yetişib, Bakıya gəlməsində böyük əməyi olub. Onun yolunu da mən davam etdirmişəm”.
Bunu Medianews.az-a açıqlamasında “Qarabağ bülbülləri” ansamblının rəhbəri, qabaqcıl Maarif xadimi Murad Rzayev deyib.

O daha sonra vaxtilə dərs dediyi Xalq artisti Aygün Bayramovadan incikliyini dilə gətirib:
“Firuz Səxavət, Sevinc Sarıyeva, Cabir Abdullayev bəzən zəng edib maraqlanırlar. Sevinc xanım efirdə də danışır, deyir, zəhmətimi çəkir. Amma Xalq artisti Aygün Bayramovadan gileyliyəm. O Azərbaycanın Leylisidir, gözəl müğənnidir, gözəl də sənətkardır. Bir dəfə də zəng edib deməyib ki, ay müəllim, ölmüsən, qalmısan?! Onu mən bir zülmlə kəndindən seçib gətirmişəm. 7-8 yaşı var idi. Qardaşı da mənim yanımda oxuyurdu. Teymur Əmrahın ikinci mənəvi atasıyam. O uzun illər bizim evdə qalıb, ona dərs demişəm. Mənim bir dəqiqə fasiləm olmurdu. Gecə-gündüz o uşaqlarla məşğul olurdum. Evə də getmirdilər. Çünki sənətdən əlavə onlara yemək də alıb verirdim. İncəsənət universitetinin keçmiş rektoru Rahib müəllim mənim adımı “civə” qoymuşdu. Deyirdi ki, “Murad müəllim bir yerdə dayanmır, civədir, hara baxıram onu görürəm”. Minlərlə tələbələrim var. Hansı kəndə getsən orada mənim yetişdirdiyim şagirdlər var. Hərbi hissələrdə, cəbhə bölgələrində, çətin yerlərdə konsertlər vermişik. Bu gün-sabah ölüb gedəcəm. Ona görə də təklif ediblər ki, Ağdamda adıma muzey təşkil etsinlər. Bu söhbət televiziyada gedib”.
Əli Əgər,
Medianerws.az

