Medianews.az
Azərbaycanın Rusiyaya açıq notaları
119 baxış

Azərbaycanın Rusiyaya açıq notaları

Rəsmi məlumata görə, iyulun 6-da Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı iyulun 5-i axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.

Görüşdə sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb.

Dəfələrlə xəbərdarlığa baxmayaraq, belə halların davam etməsinin hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət etdiyi bildirilib.

Görüşdə həmçinin Kiyevdəki səfirliyimizin və Xarkov şəhərində yerləşən fəxri konsulluğun binalarının zərər gördüyü bir neçə hava zərbələrinə diqqət yönəldilib, Vyana Konvensiyalarına uyğun olaraq diplomatik və konsulluq nümayəndəliklərinin binalarının qorunması üzrə öhdəliklərə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.

Rusiya tərəfi qeyd olunan bütün faktlar üzrə hərtərəfli araşdırma aparmağa, baş vermiş hallarla bağlı müvafiq izahat verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırılıb.

Medianews.az bildirir ki, bu, son 8 ayda Azərbaycanın Rusiyaya nota verdiyi haqda ictimaiyyətə açıqlanan üçüncü xəbərdir.

Əvvəlki xəbər fevralın 6-da yayılıb. Bildirilib ki, səfir Yevdokimov XİN-ə çağırılıb. Onunla görüş zamanı fevralın 5-də Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, hakim Vahid Rusiya Partiyasının üzvü Konstantin Zatulinin ölkəmizdə Ermənistan vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatına kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.

Qeyd olunub ki, Zatulin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə mütəmadi çıxışlar edib, separatizmə açıq dəstək verib, indi də sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də hərbi cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan vətəndaşları ilə bağlı məhkəmə qərarlarını təhrif etməyə cəhd göstərir və qəbuledilməz ifadələr işlədir. Yevdokimovla görüşdə bütün bunlar qətiyyətlə pislənib, Rusiya tərəfi bölgədə sülhə və sabitliyə, eləcə də Azərbaycanla Rusiya arasında münasibətlərə zərbə vurmağa çalışan Zatulin kimi şəxslərin destruktiv fəaliyyətinə son qoyulması üçün müvafiq tədbirlər görməyə çağırılıb.

Açıq informasiya resurslarında Azərbaycanın 2025-ci il noyabrın 14-də də Rusiyaya nota verdiyi haqda xəbər var. Noyabrın 14-ü gecə Kiyevə raket və dron hücumları zamanı “İsgəndər” tipli raketlərdən biri Azərbaycan səfirliyinin ərazisinə düşüb. Nəticədə səfirliyin ərazisinin hasarının bir hissəsi tamamilə dağılıb, konstruksiyalar, xidməti avtomobillər, inzibati bina və səfirliyin konsulluq şöbəsi zədələnib, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulub. Hadisənin baş verdiyi gün Bakıda XİN-ə çağırılan Yevdokimova kəskin etiraz bildirilib və müvafiq nota təqdim edilib.

Noyabrın 14-də səfirlə keçirilən görüşdə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırladılıb. Xüsusilə bu hadisələr qeyd edilib: 2022-ci il martın 10-da Rusiyanın endirdiyi aviazərbə nəticəsində Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğunun binasının ciddi dağıntılara məruz qalması və xidməti avtomobilin yararsız hala düşməsi; 2024-cü il yanvarın 2-də Rusiyanın “Kinjal” raketi ilə həyata keçirdiyi hava zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının yaxınlığında diametri təxminən 3 metr olan kraterin yaranması və yer səthindən 8 metr dərinlikdə partlamamış sursat aşkar edilməsi; 2025-ci il avqustun 28-də Azərbaycanın Ukraynadakı səfirliyinin təxminən 50 metr yaxınlığına endirilmiş hava zərbəsi nəticəsində səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, səfirin iqamətgahının zədələnməsi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəyməsi.

Rusiya səfirinə 2025-ci il avqustun 8-18-də Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edildiyi, nəticədə işçilərin xəsarət aldığı, infrastruktura böyük zərər vurulduğu da xatırladılıb.

Bütün bu faktların raket hücumlarının məqsədli olması barədə suallar yaratdığı vurğulanıb. Bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprelində Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb.

Görüşdə diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb edilib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun