Medianews.az
Çayxanada qanlı dava: Müştərinin sifətinə bıçaq zərbəsi endirdi -
100 baxış

Çayxanada qanlı dava: Müştərinin sifətinə bıçaq zərbəsi endirdi - CƏZA

Şəki Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Arif Həsrətovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Medianews.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Arif Həsrətov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Arif Həsrətov 2025-ci ilin iyun ayında, axşam saatlarında sərxoş vəziyyətdə İsmayıllı rayonunun Quşencə kəndində yerləşən zərərçəkmiş Kamal Quliyevin (soyadı şərtidir) icarə əsasında fəaliyyət göstərən çayxanaya gəlib.

Cinayət işinin materiallarında göstərilib ki, təqsirləndirilən şəxs çayxanada olduğu müddətdə yüksək səslə nalayiq ifadələr işlədərək digər müştərilərin istirahətinə mane olub.

Həmin obyektdə olan şəxslər vəziyyətin gərginləşməsi səbəbindən zərərçəkmiş şəxsə məlumat veriblər. Kamal hadisə yerinə gələrək Arifdən nalayiq ifadələr işlətməməyi və çayxanadan getməsini tələb edib. Lakin bu irad təqsirləndirilən şəxsin narazılığına səbəb olub. Tərəflər əvvəlcə çayxananın içərisində mübahisə ediblər. Daha sonra onlar obyektdən çölə çıxaraq uzaqlaşıblar.

İttiham aktında qeyd olunub ki, Arif Kamalın ona irad bildirməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan nalayiq ifadələr işlədib və xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi, istintaqla növü müəyyən edilməyən kiçik ölçülü bıçağı çıxarıb. O, qəfil hərəkətlə bıçaqla zərərçəkmişin sifət nahiyəsinə bir dəfə zərbə endirib.

Nəticədə Kamalın sağ qaşı, qaşarası, burun nahiyəsi, sol gözaltı, sol almacıq və sol yanaq hissəsini əhatə edən geniş kəsilmiş yara əmələ gəlib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsdə yaranmış çapıq zaman keçdikcə öz-özünə aradan qalxmayan, geridönməz xarakter daşıyan və yalnız kosmetik-cərrahi müdaxilə ilə aradan qaldırıla biləcək iz buraxıb. Ekspertiza həmin xəsarəti sifətin silinməz dərəcədə eybəcərləşdirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər kimi qiymətləndirib.

Arifin bu əməli xuliqanlıq niyyəti ilə, yəni cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirərək törədib. Məhkəmədə ifadə verən Arif Həsrətov ona elan olunmuş ittihamı qismən qəbul edib. O deyib ki, özünü yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edir.

Bizə qoşulun