İyulun 5-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynanın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsi Rusiyanın dron hücumuna məruz qalıb, partlayış baş verib. Qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, hava həyəcanı zamanı təhlükəsizlik təlimatlarına ciddi əməl olunması və sığınacağın mövcudluğu sayəsində daha ağır nəticələrin qarşısı alınıb. Bütün əməkdaşlar sığınacaqda olduqlarından xəsarətsiz ötüşüblər.
Medianews.az bildirir ki, Rusiya 2022-ci ilin fevral ayının 24-dən Ukraynada total müharibəyə başlayandan bəri ilk dəfə deyil Azərbaycana məxsus yanacaqdoldurma məntəqəsinə zərbə endirir.
2025-ci ilin yayında Ukraynanın Jitomir vilayətinin Berezina kəndində baş vermiş partlayışlar nəticəsində Azərbaycanın “SOCAR Energy Ukraine” şirkətinə məxsus iki yanacaqdoldurma məntəqəsinə ciddi ziyan dəymişdi.
Həmin il avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” tipli pilotsuz uçuş aparatları ilə hücum etmişdi. Nəticədə yanğın baş vermiş, dörd nəfər ağır yaralanmışdı.
Medianews.az vurğulayır ki, Rusiyanın aviazərbələri təkcə SOCAR-ın obyektlərinə deyil, Azərbaycanın Ukraynadakı diplomatik təmsilçiliklərinə də ciddi ziyanlar vurub.
2022-ci il martın 10-da Rusiyanın endirdiyi aviazərbə nəticəsində Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğunun binası ciddi dağıntılara məruz qalıb və xidməti avtomobil yararsız hala düşüb.
2024-cü il yanvarın 2-də Rusiyanın “Kinjal” raketi ilə həyata keçirdiyi hava zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının yaxınlığında diametri təxminən 3 metr olan krater yaranıb və yer səthindən 8 metr dərinlikdə partlamamış sursat aşkar edilib.
2025-ci il avqustun 28-də Azərbaycanın Ukraynadakı səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində səfirliyin inzibati binası və konsulluq şöbəsi, səfirin iqamətgahı zədələnib, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəyib.
2025-ci il noyabrın 14-ü gecə Kiyevə raket və dron hücumları zamanı “İsgəndər” tipli raketlərdən biri Azərbaycan səfirliyinin ərazisinə düşüb. Nəticədə səfirliyin ərazisinin hasarının bir hissəsi tamamilə dağılıb, konstruksiyalar, xidməti avtomobillər, inzibati bina və səfirliyin konsulluq şöbəsi zədələnib, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulub, xoşbəxtlikdən insan tələfatı olmayıb.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən dərhal sonra Rusiya Krım yarımadasını zəbt edib, martın 18-də bölgəni Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlara başlayıb, sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb. Savaş ölkənin hər yerinə raket, dron, aviasiya zərbələri ilə müşayiət olunur.
Toğrul Əli,
Medianews.az