UEFA-nın klub turnirlərində 2026-2027 mövsümünün birinci mərhələsi yarılanıb.
Medianews.az bildirir ki, Azərbaycanın 4 komandasının 3-ü start götürüb. Hər üç təmsilçi evdə oynayıb, Çempionlar Liqasında yarışan “Sabah” Uelsin “Nyu Sents” komandasını (2:0), Avropa Liqasında yarışan “Qarabağ” İslandiyanın “Vestri” komandasını (3:0), Konfrans Liqasında yarışan “Zirə” Gürcüstanın “Torpedo” komandasını (3:0) udub. Cavab matçları gələn həftəyə təyin olunub.
Konfrans Liqasına ikinci mərhələdən başlayacaq “Neftçi” ya “Dinamo” (Minsk, Belarus), ya da “Sileks”lə (Şimali Makedoniya) üz-üzə gələcək.
Klub turnirlərinə 237 komanda buraxılıb: 81-i Çempionlar Liqasına, 45-i Avropa Liqasına, 111-i Konfrans Liqasına.
Hər üç turnirdə dörd təsnifat mərhələsi var. Reqlamentə görə, Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçür, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adlayır, 36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxır.
Azərbaycan 55 üzvü olan UEFA-nın cari klub reytinqində 26-cı pillədədir.
Reytinq klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır.
Çempionlar Liqasının liqa mərhələsinə düşən komandalar 6 bonus xalı alır, həmin raundda ilk 8 pilləni tutan komandalara 6 bonus xalı, 9-16-cı yerləri tutan komandalara 4 bonus xalı, 17-24-cü yerləri tutan komandalara 2 bonus xalı verilir, 1/8 finaldan başlayaraq hər mərhələ 1,5 bonus xalı qazandırır.
Avropa Liqasının liqa mərhələsində ilk 8 pilləni tutan komandalar 6 bonus xalı, 9-16-cı yerləri tutan komandalar 4 bonus xalı, 17-24-cü yerləri tutan komandalar 2 bonus xalı alır, 1/8 finaldan başlayaraq hər mərhələ 1 bonus xalı gətirir.
Konfrans Liqasının liqa mərhələsində ilk 8 pilləni tutan komandalar üçün 4 bonus xalı, 9-16-cı yerləri tutan komandalar üçün 2 bonus xalı, 17-24-cü yerləri tutan komandalar üçün 1 bonus xalı nəzərdə tutulur, 1/8 finaldan başlayaraq hər mərhələ 0,5 bonus xalına bərabər olur.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.
Azərbaycan bu mövsüm 0,750 əmsal əldə edib.
Toğrul Əli,
Medianews.az