Türkiyənin Kocaeli vilayətində dövlət xəstəxanasında çalışan tibb bacısı İ.A., vəzifə başında olarkən DEM Partiyasının saç hörmə trendinə qatıldığı anları sosial mediada paylaşdığı üçün 25 yanvar 2026-cı il tarixindən etibarən vəzifəsindən kənarlaşdırılıb.
Medianews.az xəbər verir ki, İ.A.-nın paylaşımı Kocaeli Vilayət Səhiyyə İdarəsi tərəfindən diqqətə alınaraq inzibati araşdırma başlanıb.
Hadisədən sonra tibb bacısı İstanbulda saxlanılıb, prosedurlar yerinə yetirildikdən sonra sərbəst buraxılıb.
Sosial mediada açıqlama verən İ.A. bildirib:
“Son günlərdə sadəcə saçımı hördüyüm üçün mənə qarşı qarayaxma və linç kampaniyası aparıldı. Məhkəmə istintaqının bir hissəsi olaraq, axşam saatlarında əllərim qandallanmış halda həbs olundum və sonradan evimdə axtarış aparıldı. İnzibati istintaq çərçivəsində 25 yanvardan etibarən vəzifələrimdən kənarlaşdırıldım”.
İ.A. həmçinin bildirib ki, onun haqqında əsassız paylaşımlar, ölüm təhdidləri və təhqirlər edən şəxslərə qarşı cinayət işi açacaq. O qeyd edib ki, əldə edəcəyi maddi və mənəvi təzminatı küçə heyvanlarına bağışlayacaq.
Tibb bacısı ittihamları qəbul etmədiyini vurğulayıb:
“Bəyanatımda mənə qarşı irəli sürülən ittihamları qəbul etmirəm. Saç hörmə Türkiyə Cinayət Məcəlləsinə və 657 saylı Dövlət Qulluqçuları Qanununa görə cinayət təşkil etmir. Bu müddət ərzində yanımda olan hər kəsə minnətdaram və eyni ağrı və hissləri paylaşanları sevgi ilə qucaqlayıram”.
İ.A.-nın paylaşımı və sonrakı tədbirlər, sosial mediada və ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Hadisə həm dövlət qulluqçularının davranışı, həm də sosial media etikası məsələlərini yenidən gündəmə gətirib.
Medianews.az