Dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildən sonra Azərbaycanda 7 parlament seçkisi keçirilib. 1995 və 2000-ci illərin seçkilərində Milli Məclisin 100 üzvü majoritar üsulla (dairələr üzrə), 25 üzvü proporsional üsulla (partiya siyahıları üzrə) mandat alıb. 2002-ci ildə proporsional sistem ləğv olunub və 2005, 2010, 2015, 2020, 2024-cü illərin seçkilərində parlament majoritar üsulla formalaşıb.
Yaxın ölkələrə nəzər salsaq, Qırğızıstan və Türkmənistan parlamentləri, Belarus parlamentinin Nümayəndələr Palatası majoritar seçki sistemi ilə formalaşır.
Altı yaxın ölkədə qarışıq seçim sistemi var.
Ukrayna parlamentinin, Rusiya parlamentinin Dövlət Dumasının və Özbəkistan parlamentinin Qanunverici Palatası üzvlərinin yarısı majoritar, yarısı proporsional üsulla mandat alır.
Litvada parlamentin 71 üzvü majoritar, 70 üzvü proporsional üsulla rəsmiləşir.
Qazaxıstan parlamentinin Məclisinin 69 üzvü proporsional üsulla, 29 üzvü majoritar üsulla mandat götürür.
Tacikistan parlamentinin Nümayəndələr Palatasının 41 üzvü majoritar, 22 üzvü proporsional üsulla mandat alır.
Estoniya, Latviya, Moldova, Ermənistan və Gürcüstanda parlamentlər proporsional üsulla formalaşır.
Azərbaycan üçün hansı sistem daha yaxşı olar?
Mövzu ilə bağlı Medianews.az saytı partiya sədrlərinə müraciət edib.

Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, AMİP 2019-cu ildə 14 partiya ilə birlikdə bir sənəd ərsəyə gətirib: “Həmin sənəddə ölkədə qarışıq seçki sisteminin bərqərar olunması mövqeyi öz əksini tapıb. Çünki proporsional seçki sistemi partiyalaşma institutuna əlavə stimullar verir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda qarışıq seçki sisteminə keçilməsi daha məqsədəuyğun olar”.
A.Əlizadə yada salıb ki, Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib: “O vaxt Azərbaycan əhalisinin sayı təxminən 7 milyon civarında idi. Hazırda 10 milyondan artıq əhalimiz var. O zaman da parlamentdə 125 deputat təmsil olunurdu, indi də belədir. Hesab edirəm ki, parlamentin say tərkibinin artırılması məsələsi də müzakirə mövzusudur. Təbii ki, bütün bunların reallaşdırılması üçün ölkədə konstitusiya dəyişikliklərinə gedilməlidir. Konstitusiya dəyişiklikləri də birmənalı olaraq yalnız referendumla mümkündür. Bu səbəbdən referenduma gedilməsi məsələsi gündəmə gəlir. Zaman-zaman bu məsələ müzakirə mövzusu olub. İstər icra, istərsə qanunverici hakimiyyət, yaxud yerli özünüidarəetmə ilə bağlı bəzi dəyişikliklərə gedilməsi üçün referendumun keçirilməsi indiyədək bir neçə dəfə ictimai-siyasi müstəvidə müzakirəyə çıxarılıb.
Hesab edirəm ki, parlamentdə deputatların sayının artırılması, eləcə də onların əhəmiyyətli hissəsinin majoritar, bir hissəsinin isə proporsional seçki sistemi əsasında seçilməsi daha yaxşı olardı. Təbii ki, hansı qərar qəbul ediləcəksə, ona uyğun da seçkilərdə iştirak hədəflənəcək. Amma qarışıq sistemə keçilməsi və parlamentin say tərkibinin artırılması daha məqbul variantlardır”.

Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli deyib: “Biz illərdir proporsional seçki sisteminin bərpa olunmasına çağırış edirik. Proporsional seçki sistemi parlamentin nüfuzunu artıra, eyni zamanda siyasi partiyaların dövlət ənənələrinə daha yaxından yiyələnməsinə, dövlət idarəetməsində təcrübə toplamasına, siyasi partiyaların ideoloji əsaslarla formalaşmasına səbəb ola bilər. Proporsional seçki sistemi ölkədə indiki kimi onlarla zəif partiyanın yox, bir neçə güclü partiyanın formalaşması ilə nəticələnərdi. Bu da ölkədə alternativ fikirlərin siyasi müstəvidə və ideoloji əsasda oturuşmasına, gələcəyə hansı yolla getməyin daha yaxşı olduğu barədə konsepsiyaların irəli sürülməsinə və onların arasında faydalı bir yarışın başlanmasına rəvac verərdi”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimov bildirib ki, parlament seçkiləri xalqın səsinin hökumətə çatdırılması və dövlət idarəçiliyində onların rəylərinin nəzərə alınması deməkdir: “Buna görə də demokratik parlament seçkiləri çox vacibdir, çünki bu yolla xalq dövlət idarəçiliyində iştirak edə bilir. Azərbaycan müstəqillik qazandıqdan sonra majoritar seçki sistemi ilə yanaşı, proporsional seçki də mövcud idi və 25 deputat proporsional sistem əsasında parlamentə seçilirdi. Proporsional seçki sisteminin zəruriliyi həm də ondadır ki, bu, ölkədə siyasi institutlaşmanın inkişafına xidmət edir. Əgər ölkə daxilində siyasi institutlaşma inkişaf etmirsə və siyasi partiyalar cəmiyyətə təsir imkanına malik deyilsə, bu zaman yad qüvvələr cəmiyyətə nüfuz etməyə başlayır. Beləliklə, maraqlı qüvvələr dövləti daxildən zəiflətməyə həvəslənir. Buna görə də siyasi partiyaların inkişafı üçün proporsional seçkilərin tətbiqi tələb olunur.
İnkişaf etmiş ölkələrin əksəriyyətində proporsional seçki sistemi mövcuddur. Bu, siyasi partiyaların öz proqram və platformalarını ictimaiyyətə təqdim etməsi üçün sınaqdan çıxmış, təsirli bir üsuldur. Həmçinin seçkilərin demokratikliyinin təmin olunması baxımından da indiyə qədər tətbiq olunan ən yaxşı vasitələrdən biri hesab edilir.
Biz dünya təcrübəsindən dərs almalıyıq və cəmiyyətin inkişafını, onun yan təsirlərdən qorunmasını təmin etmək məqsədilə xalqın hakimiyyətdə iştirakçılığını gücləndirəcək variantları seçməliyik. Hesab edirəm ki, proporsional seçki sisteminin bərpası məhz bu variantlardan biridir”.
M.Rəhimov qeyd edib ki, artıq cəmiyyətin özündə buna zərurət yaranıb: “Dünya düzəninin yenidən formalaşdırılması prosesində Azərbaycan cəmiyyətinə və dövlətinə kənardan böyük təsirlər və təzyiqlər göstərilir. Bu təsirlər daha çox informasiya sahəsində özünü büruzə verir. İnformasiya müharibəsinin qarşısını almaq üçün siyasi partiyaların hakimiyyətdə, xüsusilə də qanunvericilik orqanında təmsil olunması çox vacibdir. Proporsional seçki sistemi isə məhz bunu təmin edir.
İndi Azərbaycanda siyasi partiyalar parlamentdə yalnız majoritar seçki sistemi əsasında təmsil oluna bilər. Bu isə onların cəmiyyətdə hərtərəfli qəbul olunmasına və nüfuzunun artmasına mane olur. Ona görə də Azərbaycanda proporsional seçki sisteminin bərpasına zərurət yaranıb. Bu, Azərbaycanın möhkəmlənməsinə və dövlətimizə qarşı kənardan təsirlərin minimuma endirilməsinə xidmət edə bilər.
Eyni zamanda, biz görürük ki, beynəlxalq aləmdə baş verən proseslərin izahı və istiqamətinin müəyyənləşdirilməsi üçün siyasi partiyaların inkişaf etməsi və bu dinamikanı izləməsi vacibdir. Bu baxımdan Azərbaycanda siyasi partiyaların möhkəmlənməsi və təsir imkanlarının artırılması naminə proporsional seçki sisteminin bərpası zəruridir.
Azərbaycan üçün ən yaxşı variant yenə də qarışıq sistemə keçməkdir. Yəni parlament həm proporsional, həm də majoritar üsulla formalaşmalıdır. Bu sistemdə həm siyasi partiyalar iştirak edərək öz proqram və platformalarını təqdim edirlər, həm də siyasi partiya üzvü olmayan, cəmiyyətdə nüfuzu olan şəxslər müstəqil namizəd kimi parlamentə seçilmək hüququna malik olurlar. Bu, həm seçkilərin daha demokratik keçirilməsi, həm də siyasi partiyaların inkişafı üçün lazımdır”.

Ağ Partiyanın sədri Tural Abbaslı deyib ki, parlament seçkilərinin tam proporsional sistemlə keçirilməsi məsləhətdir: “Proporsional seçki sistemində namizədləri partiyalar irəli sürür, seçici də şəxslərə yox, partiyalara, siyasi, iqtisadi kursa səs verir. Tanıdığı bir qurumu seçir. Sabah tələb etməli olduğu bir ünvanı da müəyyən edir beləcə. Yəni getdim Ağ Partiyaya səs verdim, oradan kimlərsə parlamentə mandat aldı, amma onlar arzu və istəyimi qanunvericilik çərçivəsində həyata keçirmədilər. Adamların şikayət edəcəyi, küsəcəyi, inciyəcəyi, etiraz edəcəyi ünvan olur - Ağ Partiya və ya başqa bir partiya. Bu məsuliyyət baxımından deputatların proporsional qaydada seçilməsi vacibdir.
Majoritar seçki sistemində bəzən təsadüfi şəxslər seçkilərdə iştirak edir, hətta mandat alırlar. Onların seçici qarşısında gerçək hesabatlılığı yoxdur. Nə bir partiya bağları var, nə ideoloji, siyasi istiqamətləri. Amma proporsional qaydada, partiya xətti ilə mandat almış deputat hər zaman məsuliyyət, yaxşı mənada basqı altındadır. Parlamentə daha peşəkar siyasətçilərin düşməsi üçün proporsional sistem çox zəruridir.
Biz o reallığı da başa düşürük ki, Azərbaycanın birdən-birə proporsional seçki sisteminə keçməsi çətindir. Amma ən azından qarışıq sistemə keçmək olar. Parlament üzvlərinin sayını 150-yə qaldırmaq, 75-ni proporsional qaydada seçmək də pis variant deyil”.
Nailə Qasımova,
Medianews.az