"O vaxt jurnalistlərdən biri mənə sual verdi ki, aşıqların maddi vəziyyəti necədir? Dedim ki, Hüseyn Arifin dövrünə qədər aşıqlar çox zəif idi, o Aşıqlar Birliyinə sədr gələndən sonra aşıqlarımız dirçəldi, demək olar ki, tədbirlərdən qonorar almağa başladılar. Həm də aşıq sənəti böyük inkişaf yolu keçdi. Məndən qonorar alıb almamağımı soruşdular. Dedim ki, Hüseyn Arifin dövründən sonra heç bir tədbirdən qonorar almamışam. O vaxt da Zəlimxan Yaqub Aşıqlar Birliyinə sədrlik edirdi. Jurnalist istədi ki, Zəlimxan müəllimlə mənim aramda intriqa yaratsın. Çünki o avxt Zəlimxan müəllimin səhhətində problem var idi. Təşkilati işlər zəif idi. Mən kiməm ki, Zəlimxan Yaqubdan inciyim? Sadəcə yalnış anlaşılma idi. Aşıqlar qonorar almırdı deyə narazılıq edirdilər. Bu nöqteyi nəzərdən ola bilər ki, söz-söhbət olub. Zəlimxan müəllimi bütün türk dünyası sevirdi, onların başında da mən. Yalan söhbətdir ki, o məndən küsülü dünyadan köçüb”.

Bunu Medianews.az-a açıqlamasında aşıq Zülfiyyə İbadova deyib.
O daha sonra bu gün də eyni tendensiyanın baş aldığını bildirib və Aşıqlar Birliyinin heç bir aşığa qonorar ödəmədiyini bildirib.
“Mən əslində o vaxtı da ümumi aşıqların sözünü demişdim. Çünki rayonlardan aşıqlar tədbirlərə gəlirdi, harada qalırdılar, harada gecələyirdilər, nə yeyib-içirdilərsə Aşıqlar Birliyinin bundan xəbəri yox idi. Çoxunun imkanı yox idi. Bu folklor nümunəsidir. Əslində bunu Aşıqlar Birliyi qarşılamalı idi. Zəlimxan müəllim xəstə idi, orada başqa işçi yox idimi bu aşıqlarla maraqlansınlar?! Söhbət Bakıda yaşayan yox, rayondan gələn aşıqlardan gedirdi. Bu gün də rayonlarda o qədər gözəl səsli aşıqlar var ki, imkanları yoxdur gəlib efirlərə çıxsınlar. Yol puluna belə möhtacdırlar. Mən istərdim ki, rayondan gələn aşıqlara müəyyən qədər qonorar ödənilsin, yol qalmaq pulları qarşılansın. Həqiqətən də çox imkansızdırlar. Mən Hüseyn Arifin dövründə Bakıya gəlmişəm. Vallah Bakıya gəlməyə yol pulum belə yox idi. Gəliş-gediş pulumu ödəyirdilər. Biz tədbirlərdən az da olsa qonorar alırdıq. İnsanın əməyinin qiymətləndirilməsi gözəl bir şeydir. Biz Heydər Əliyev adına sarayda konsert verəndə gedib qonorarımızı alırdıq. Hüseyn Arifdən sonra tədbirlərdən 1 manat da qonorar almamışam. Bu gün də belədir. Mən eşitməmişəm ki, hansısa aşığa pul ödənilsin. Yəqin ki, Aşıqlar Birliyinin büdcəsi yoxdur, pul ayrılmır. Nə deyə bilərik ki?” deyə aşıq bildirib.
Əli Əsgər
Medianews.az