Medianews.az
İranın lideri çıxılmaz vəziyyətdədir
252 baxış

İranın lideri çıxılmaz vəziyyətdədir

ABŞ-da Çikaqo Universitetinin hüquq fakültəsində konstitusiya hüququndan dərs deyən Pegah Bani-Haşemi İrandakı vəziyyətlə bağlı məqalə yazıb. Məqaləni Türkiyədə yaşayan jurnalist İbrahim Nəbioğlu öz feysbuk səhifəsində Azərbaycan dilində yayıb. Məqaləni Medianews.az oxucularının diqqətinə çatdırırıq.

İranda son etiraz dalğasının başlanmasından üç həftə keçməsinə baxmayaraq, ölkə artıq on gündən çoxdur ki, xarici dünya ilə demək olar tamamilə əlaqəsini itirib. Təkcə ölkə üzrə internetə çıxış kəsilməyib; sabit telefon xətləri və mobil rabitə də sıradan çıxarılıb. Buna baxmayaraq, Starlink bağlantıları vasitəsilə ara-sıra ötürülən azsaylı görüntülər küçələrdə qan içində uzanan cəsədləri, fəryad edən anaları göstərir və dinc əhaliyə qarşı genişmiqyaslı, hərbi üslubda aparılan repressiyanı açıq şəkildə ortaya qoyur.

Ölkənin qarşısında duran əsas sual budur: dini lider ayətullah Əli Xamenei və onun yaxın çevrəsi bu vəziyyətə necə cavab verəcək və daha genişmiqyaslı bir müharibə qaçılmazmı olacaq? Etirazlar başlayandan bəri etdiyi iki çıxışında Xamenei rejimi qorumaqda qətiyyətli görünüb. O, açıq şəkildə ABŞ və İsraili iğtişaşları qızışdırmaqda ittiham edib və onları atdıqları addımların nəticələri barədə xəbərdar edib. Eyni zamanda etirazçıları xarici qüvvələr tərəfindən aldadılmış “üsyançılar” və “sadəlövh insanlar” adlandırıb.

İranlılar üçün bu ritorika ağrılı dərəcədə tanışdır. Xamenei 1999-cu ilin iyulunda tələbə etirazlarından tutmuş 2009-cu ildəki Yaşıl hərəkatadək və 2022-ci ilin “Qadın, Həyat, Azadlıq” üsyanına qədər hər böyük etiraz dalğasında oxşar reaksiyalar verib. Bu cür çıxışlar etirazçıları nadir hallarda çəkindirsə də, əsas məqsəd rejimin təhlükəsizlik qüvvələrinə dini liderin hələ də qətiyyətli olduğu mesajını verməkdir.

İran Konstitusiyasına görə, Xamenei İnqilab Keşikçiləri Korpusu, müntəzəm ordu və Bəsic daxil olmaqla silahlı qüvvələrin ali baş komandanıdır. Təhlükəsizlik strukturları üzərində tam nəzarət uzun illərdir onun hakimiyyətinin əsas dayaqlarından biri olub. O, onilliklər ərzində etibarsız hesab etdiyi ünsürləri sistemli şəkildə sıradan çıxarıb və son dərəcə sadiq bir hərbi elita formalaşdırıb. Bu qüvvələrin ailələri belə ciddi nəzarət altında yaşayır, adətən həm qoruma, həm də nəzarət məqsədi daşıyan ayrıca yaşayış komplekslərində məskunlaşdırılır.

Bununla yanaşı, Xamenei İranın dövlət televiziyası üzərində konstitusion nəzarətini də qoruyur. Son illərdə guya dövlətə bağlı olmayan bir neçə televiziya kanalı yaransa da, onlar ağır senzura şəraitində fəaliyyət göstərir. Doğrudur, sosial media və rəqəmsal platformalar ənənəvi media inhisarlarını zəiflədib və informasiya axınına nəzarəti çətinləşdirib; internetin geniş yayılması ilə bütün dünyada etiraz hərəkatları dəyişib. Lakin İran istisnadır: sosial media platformalarının böyük əksəriyyəti bloklanıb və onlara yalnız VPN-lər vasitəsilə çıxış mümkündür.

Üstəlik, rejim böhranlı dövrlərdə dəfələrlə bütün interneti tamamilə kəsməyə əl atıb; bunun ən bariz nümunəsi 2019-cu ilin noyabr etirazlarıdır. Bu dəfə isə informasiya qaranlığı hər zamankından daha uzun çəkir və əlaqənin nə vaxt bərpa olunacağı qeyri-müəyyəndir. Gərginliyin pik nöqtəsində rabitəni kəsməklə rejim təkcə informasiya narrativini nəzarətdə saxlamır, həm də etirazların daha sıx koordinasiya olunaraq sürət qazanmasının qarşısını alır. Yalnız peyk rabitəsinə çıxışı olan azsaylı vətəndaşlar repressiyanın miqyasını və vəhşiliyini xarici dünyaya ötürə biliblər.

Xameneinin daimi prioritetlərindən biri müstəqil siyasi və vətəndaş qüvvələrinin sistemli şəkildə zəiflədilməsi olub. Tanınmış simalar ya həbs edilib, ya da elektron ayaq biləyi izləmə cihazları da daxil olmaqla daimi nəzarət altında yaşamağa məcbur edilib. Məşhur insan hüquqları vəkili Nəsrin Sotudə kimi şəxslər illərlə davam edən həbs həyatının nəticəsi olaraq ciddi sağlamlıq problemləri ilə üzləşiblər. Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi kimi digərləri isə yenidən həbs edilərək həbsxanaya göndərilib.

Geriyə isə bir daha gənclərin və onların valideynlərinin küçələrə çıxıb öldürülməsinə, yaralanmasına və ya həbs olunmasına şahidlik edən yaslı bir millət qalır. Vəkillərin saxlanılan şəxsləri müdafiə etməsi qadağan edilib. Bildirilir ki, həbsxana həkimlərinə yaralı etirazçıları müalicə etməyə icazə verilmir və bununla onların yaralarından ölməsinə göz yumulur. Yaxınlarının cənazələrini almaq istəyən ailələr onları öldürmək üçün istifadə olunan güllələrin pulunu ödəməyə məcbur edilir, dəfn mərasimləri isə ciddi nəzarət altında keçirilir.

Lakin bu dəfə vəziyyət fərqli ola bilər. Keçən il İsraillə yaşanan 12 günlük müharibə zamanı, rejimə qarşı olsalar belə, bir çox iranlı İsrailin addımlarını tənqid etmiş və münaqişənin sona çatmasını istəmişdi. Ölkədə güclü bir vətənpərvərlik dalğası yüksəlmişdi. İsrail hücumlarının yalnız hərbi hədəflərə və rejimlə bağlı şəxslərə yönəldiyini vurğulasa da, xalq dövlətə qarşı ayağa qalxmamışdı. Ancaq bu kövrək hiss artıq tamamilə dağılıb. Misli görünməmiş repressiya və təxminən 12 min nəfərin öldürüldüyünə dair məlumatlar ictimai münasibəti kökündən dəyişib. Bir çox iranlı artıq belə qənaətə gəlib ki, silahsız müqavimət təkbaşına diktaturanı sona çatdıra bilməz və xarici müdaxilə yeganə çıxış yolu ola bilər.

Qəribə də olsa, Xameneini tələyə salan məhz repressiyanın özüdür. ABŞ və ya İsraillə yeni bir müharibə başlasa, həm ölkə daxilində, həm də xaricdə yaşayan iranlıların buna dəstək vermə ehtimalı indi daha yüksək görünür. Bir çoxları düşünür ki, daxili qüvvələr tərəfindən 12 min insan öldürülə bilirsə, hədəfli hərbi zərbələrin dəyəri daha ağır olmayacaq. Rejimin qəddarlığı İranda insan hüquqları fəlakətini açıq şəkildə nümayiş etdirməklə beynəlxalq ictimai rəyi sərtləşdirməklə kifayətlənməyib, eyni zamanda İran cəmiyyətini refleksiv vətənpərvərlikdən də uzaqlaşdırıb.

Beləliklə, Xamenei öz qurduğu tələyə düşüb. Daxildə o, əzici güc tətbiq edərək nəzarəti yenidən təmin edib və sistemi, heç olmasa hələlik çökmə həddindən geri çəkib. Lakin bu strategiya onun seçimlərini kəskin şəkildə məhdudlaşdırıb. Müharibə baş verərsə, rejim artıq arxasında toparlanmağa daha az həvəsli və xarici qarşıdurmanın bədəlini ödəməyə daha çox razılaşmış bir cəmiyyətlə üz-üzə qalacaq.

Xamenei yalnız zorakılıq üzərində dayanan bir sistem qurdu; lakin qanlı repressiya siyasəti rejimin son legitimlik mənbəyini – İran vətənpərvərliyini də məhv etdi. Heç vaxt geri addım atmağa meyilli olmayan bu lider indi təmiz çıxışı olmayan bir dilemmanın qarşısındadır: ya öz xalqına qarşı davam edən daxili müharibə, ya da onilliklər boyu zorla saxlanılmış nəzarətin altındakı çürüməni və kövrəkliyi üzə çıxaracaq bir xarici müharibə.

Pegah Bani-Haşemi

Bizə qoşulun