Məşhur amerikalı tok-şou aparıcısı Cimmi Kimmel canlı yayımda Minneapolisdə baş verən zorakılıq hadisələrini və ABŞ Prezidenti Donald Trampın mövqeyini sərt şəkildə tənqid edib.
Medianews.az xəbər verir ki, proqram zamanı emosiyalarına hakim ola bilməyən Kimmel göz yaşlarını saxlaya bilməyib.
Cimmi Kimmel çıxışı zamanı ICE zabitləri tərəfindən öldürülən Rene Nikol Qud və Aleks Prettinin ailələrindən bəhs edib. Hadisələrin Minneapolisdə yaratdığı gərginliyi təsvir edən aparıcı canlı efirdə ağlamağa başlayıb.
Kimmel Ağ Evə birbaşa mesaj göndərərək bildirib:
“Əgər liderlərimiz qəsdən qorxu və zorakılığı təşviq edirsə, ümid edirəm ki, hamımız yeni liderlərə ehtiyacımız olduğunu anlayarıq. Çünki bunlar lider deyil”.
Proqramın sonunda həyatını itirənlərin ailələrinə müraciət edən Kimmel çıxışını çətinliklə tamamlayıb. O, xüsusilə Pretti və Good ailələrinə başsağlığı verib.
Qeyd edək ki, Minneapolisdə ICE əməliyyatları zamanı baş verən ölümlər minlərlə insanın etiraz aksiyalarına çıxmasına səbəb olub və hadisələr ABŞ-da geniş ictimai müzakirələr yaradıb.
Medianews.az