Cümə axşamı günü UEFA Avropa Liqasının “Olimpik Lyon”la oyununu izləmək üçün Fransaya gedən Yunanıstan PAOK komandası azarkeşlərini daşıyan mikroavtobus Rumıniyada qəzaya uğrayıb.
Medianews.az xəbər verir ki, Yunanıstan dövlət televiziyası ERT-in məlumatına görə, mikroavtobus Luqojelul şəhəri yaxınlığındakı DN6-E70 magistral yolunda əks istiqamətdən gələn yük maşını ilə toqquşub.
Qəzada nəqliyyat vasitəsindəki on nəfərdən yeddisi ölüb, üç nəfər yaralanaraq yaxınlıqdakı xəstəxanalara aparılıb. Hadisə başqa bir nəqliyyat vasitəsinin təhlükəsizlik kamerasına da düşüb.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis qəza ilə bağlı kədərini ifadə edərək, Yunanıstan hökumətinin və yanğınsöndürmə idarəsinin Rumıniya yerli hakimiyyət orqanları ilə əməkdaşlıq etdiyini bildirib. Mitsotakis mərhumların ailələrinə və PAOK ailəsinə başsağlığı verib.
Yaralılar dərhal xəstəxanalara çatdırılıb və müalicəyə başlayıblar. Qəzada ölümlərin sayı və hadisənin dəhşətli səhnələri həm Yunanıstan, həm də Rumıniya ictimaiyyətində böyük sarsıntı yaradıb.
Medianews.az