Medianews.az
Yeni Klinikadan
87 baxış

Yeni Klinikadan yeni qərar

"Tədris-Simulyasiya Mərkəzimizin rəsmi açılışı bu gün baş tutsa da, planlarımız çoxdan qurulmuşdu. Mərkəzimizin hədəf auditoriyasına orta tibb personalı, gənc həkimlər, rezidentlər və əlbəttə ki, təcrübəli mütəxəssislər daxildir. Gələcək planlarımıza əsasən, klinikamızın personalı və təcili yardım həkimləri də daxil olmaqla, hər kəs ildə bir dəfə bu təlimlərdə iştirak edəcək. Ekspertlərimiz tərəfindən keçirilən bu təlimlərin sonunda mütləq qiymətləndirilmə aparılacaq. Bu qiymətləndirmə simulyasiya tədrisinin ən əhəmiyyətli hissələrindən biridir".

Medianews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Klinikanın direktoru Zəhra Vəzirova bildirib.

O qeyd edib ki, simulyasiya mərkəzinin açılışı sadəcə bir neçə otağın istifadəyə verilməsi demək deyil:

"Mərkəzdə təlim keçmək istəyən həkimlərin müraciətlərini asanlaşdırmaq üçün bir neçə kanal fəaliyyət göstərəcək. Yaxın gələcəkdə əlaqə üçün telefon nömrələrimizi təqdim edəcəyik.Təlimlər üçün xüsusi veb-saytın hazırlanması və rəsmi "Instagram" səhifəsinin açılması planlaşdırılır. Müraciətlər "Call Center" vasitəsilə qəbul olunacaq. Daxil olan müraciətlər əsasında qruplar formalaşdırılacaq. Təlimlərin effektivliyini təmin etmək üçün qrupdakı iştirakçı sayının 10 nəfərdən çox olmaması şərtdir. Biz artıq sabahdan etibarən fəaliyyətə başlamağa tam hazırıq".

Klinika direktoru onu da deyib ki, təlimlərin müddəti onların proqramından asılı olaraq dəyişir, Amerika Ürək Assosiasiyası standartlarına uyğun olaraq 3 saat davam edir. Daha geniş proqramı əhatə etdiyi üçün AHA standartlarına əsasən 2 gün müddətinə nəzərdə tutulub:

"Kommunikativ bacarıqlar təlimində isə həkim-xəstə ünsiyyətini təkmilləşdirən bu təlimlərdə robotlardan istifadəyə ehtiyac qalmır. İştirakçıların yorulmaması və effektivliyin qorunması üçün bu növ təlimlər adətən 3 saatdan çox çəkmir. Yalnız Neonatal Reanimasiya Proqramı istisna olmaqla, o, 2 günlükdür.

Klinikamız multidissiplinar tibb müəssisəsi olaraq fəaliyyət göstərir. Burada ambulatoriyadan başlayaraq neyrocərrahiyyə, transplantasiya və kardiocərrahiyyə də daxil olmaqla bütün cərrahi xidmətlər mövcuddur.

Cari prioritetlərimiz sırasına ilk növbədə pediatrik kardiocərrahiyyə daxildir. Hazırda bu istiqamətdəki layihəmiz üzərində aktiv işləyirik və əməliyyatların sayını artırmışıq. Bu növ mürəkkəb cərrahiyyə əməliyyatları mütləq dövlət klinikalarında da həyata keçirilməlidir. Təkcə bu həftə ərzində 3 uğurlu əməliyyat icra olunub və uşaq pasiyentlərin sayının çoxluğunu nəzərə alaraq bu göstəricini daha da artırmağı hədəfləyirik".

Zəhra Vəzirova gələcək planlardan da danışıb:

"Hazırda üzərində çalışdığımız daha iki yeni layihə var, lakin bu barədə ətraflı məlumatı növbəti görüşlərimizdə bölüşəcəyik. Məlum olduğu kimi, bundan əvvəl Seçenov Universitetinin Bakı filialında ilk Tədris-Simulyasiya Mərkəzi açılmışdı və mən də orada fəaliyyət göstərmişəm.

Akademik səviyyəni yüksəltmək üçün universitetlərlə tərəfdaşlıq mütləqdir. Hazırda Azərbaycan Tibb Universiteti və digər müəssisələrlə əməkdaşlıq planlaşdırılır.

O ki qaldı, qeydiyyat ödənişlərinə, TƏBİB tabeliyindəki xəstəxanaların personalı üçün bu təlimlər tamamilə ödənişsizdir. Tələbələrin təlimlərə cəlb olunması məsələsinə gəlincə, ilkin mərhələdə əsas hədəfimiz mövcud personalın, xüsusilə də auditoriyamızın əsasını təşkil edən orta tibb işçilərinin və həkimlərin peşəkarlığının artırılmasıdır".//Musavat.com 

Bizə qoşulun