Medianews.az
"Fuad Poladov sakitcə teatrdan çıxıb getdi, bir nəfərin də ünvanına pis söz demədi" -
157 baxış

"Fuad Poladov sakitcə teatrdan çıxıb getdi, bir nəfərin də ünvanına pis söz demədi" - FOTO+ÖZƏL

"Sənətkarlar bir-bir gedir. Azərbaycan teatrı və kinosu demək olar ki, yarpaq tökümü yaşayır. Bəzən tamaşaçılar deyir ki, yeni gələn gənclər sizin qədər sevilmir. Bunun da bəzi səbəbləri var. Mən 1958-ci ildə universitetə daxil olanda orada cəmi 33 tələbə var idi. Biz 22 nəfər daxil olduq, universitetdə tələbələrin sayı 55 nəfərə çatdı. Orada Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov, Tofiq Kazımov, Rza Sarabski, Əşrəf Quliyev, Kərim Həsənov kimi pedaqoqlar dərs deyirdilər. Bizim xalqımız çox istedadlıdır. Dərnəklərə gedirdik, sənətin sirlərini dərindən öyrənirdik, müəllimlərimizin tamaşalarına baxırdıq. Bunlar hamısı sənətə bağlılıqdan, istəkdən doğurdu. Müəllim bizə bir etüd tapşıranda, biz beşini hazırlayırdıq. O müəllimlərdən öyrəndiklərimizi daha sonra dərs deyəndə  tələbələrimizə də öyrədirdik. Təhsil çox önəmlidir. Bizim teatrda çox istedadlı aktyorlar var, onları qocaltmaq lazım deyil. İstedadlılara vaxtında etibar etmək lazımdır. Onlara axşı rollar vermək lazımdır. Filmlərimizdə bir az axsayırıq, amma teatrda bunu daha rahat etmək olur. Biz mədəniyyətimizin, incəsənətimizin intibah dövrünü yaşadıq. Gəncləri irəli çəkməliyik. Çünki gələcək gənclərin əlindədir"

Bunu Medianews.az-a açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Rafiq Əzimov deyib.

O daha sonra bildirib ki, aktyor sənətinə gələn gənclər mütləq istedadlı olmalıdır:

"Həvəs başqadır, hər bir adamın həvəsi ola bilər. Amma istedad tamam başqadır. Həm də bizim müəllimlərimiz sözün əsl mənasında müəllim idilər. Bünövrəmizi sağlam qoyublar".

Qocaman aktyor bildirib ki, ən böyük arzusu həmişə teatrla bağlı olub və bu gün də tamaşaçı qarşısına çıxır:

"Sənətkarın arzusu bitib tükənmir. İldən-ilə daha da artır. Bu gün xoşbəxt sənətkaram ki, 88 yaşımda da səhnəyə çıxıram. Çalışıram özümü qoruyum. Bir neçə tamaşada oynayıram. Bəzən film və serial təklifləri gəlir, amma senari ürəyimə yatmır. Yaradıcılığıma ciddi yanaşıram. İstəyirəm ki, çəkiləcəyim filmlər indiyə qədər çəkildiyim ekran işlərindən daha güclü olsun. Çünki keyfiyyətsiz işlərdə çəkilmək bizə yaraşmaz. Bizim birinci tənqidçimiz tamaşaçılardır".

Xalq artisti bildirib ki, teatr bir ailədir və hər ailədə söz-söhbət olduğu kimi bu sənət ocağında da olur. Aktyor sənət söhbətlərinin, aktyor heyətinin arasında olan söz-söhbətlərin kənara çıxarmamağın tərəfdarıdır:

"Bu gün aktyor, aktrisa yetişdirmək çox çətindir. Həm o müəllimlər yoxdur, həm də əvvəlki şərait. Fuad Poladov o vaxt acıq edib teatrdan çıxıb getdi. Bir adamın ünvanına pis bir söz demədi. Hamımız da onun teatrdan getmə səbəbini bilirdik. Aktyor gərək hər yaşda, hər situatsiyada özünə və tamaşaçısına hörmət etsin. Nəyisə sevməyə bilərsən, amma mətbəxi çölə daşımaq düzgün deyil. Hamısından yaxşı mehribanlıqdır. Şükür ki, biz o illərdə də, bu gün də teatrda bir ailə olmağı bacardıq".

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun