Ukrayna Rusiyanın neft emalı zavodlarına uğurlu zərbələri davam etdirir. Nəticədə artıq şimal qonşumuz neçə vaxtdır yanacaq böhranı ilə üzləşib.
Volodimir Zelenskinin axırıncı açıqlamalarından belə qənaət hasil olur ki, zərbələr yay boyu getdikdə daha intensiv xarakter alacaq. Məntiqlidir. Kiyev, nəhayət, işğalçı Rusiyanın “ən zəif, ən həssas yerini” tapıbsa, niyə ondan əl çəksin ki? Bu, ən əvvəl effektli bir özünümüdafiə hüququ və üsulu. Təcavüzkara qarşı istənilən yol məqbul sayılır. “Ən yaxşı müdafiə hücumdur” taktikası da onun içində...
Kiyevin cari hədəfi bəlli: müharibəni Rusiyanın dərinliklərinə yayıb cəmiyyətdə Putinə qarşı total narazılıq, onun özündə və komandasında, ətrafında isə işğalçı savaşla bağlı dərin ümidsizlik yaratmaq, yekunda Moskvanı atəşkəsə vadar eləmək. Hərgah, Rusiya rəsmiləri xaricdən benzin dilənməyə başlasalar da, özlərini o yerə qoymamağa çalışırlar.
Yeri gəlmişkən, Putinin sözçüsü Dmitri Peskov dünən Kremlin maksimalist tələblərini təkrarlayıb. Peskova görə, “Ukrayna münaqişəsi Zelenskinin məsuliyyətli qərar verməsinin ertəsi günü bitəcək”. Görəsən o hansı “məsuliyyətli qərar”mış?
Peskovdan izahı: “Bura Donbasdan Ukrayna qüvvələrinin çıxarılması və mövcud vəziyyətin hüquqi tanınması daxildir”.

Yəni, Ukrayna ordusu Rusiyanın hələ ilhaq eləmədiyi bölgələrdən də çıxmalı, üstəlik, Kiyev həmin əraziləri de-yure Rusiyanınkı saymalıdır. Qısası, kapitulyasiya!..
Əcəb kompromisdir, deyilmi. Moskolitlərin başqa bir "ülvi" arzusu yoxdur ki? Bəlkə Kremldəkilərin ürəyindən Kiyevdə “qələbə paradı” düzənləmək də keçir? Hansı ağılla onlar Ukrayna rəhbərliyinin buna razı olacağını zənn edir? Hər şey qırağa, axı buna getməyi Zelenskiyə adicə konstitusiya icazə vermir!
Əlbəttə, “halva-halva” deməklə ağız şirin olmur. Bayırdakı acı reallıq, sahədəki gerçək bambaşqa şey deyir və Rusiyanın tələsməsini diktə edir...
“Rusiya çətin günlərlə üzləşir, amma ruslar cəsarətlərini toplamalı və düşmənə onları sındıra bilməyəcəklərini sübut etməlidir”.
Bu ümidsiz çağırışı RT və “Rusiya Seqodnya” media qrupunun baş redaktoru, Kremlin sadiq təbliğat ruporlarından biri Marqarita Simonyan edib.
Simonyan ardınca bildirir ki, hazırda neft emalı zavodlarını Ukraynanın dron hücumlarından qorumaq çox çətindir. Onun zənnincə, “düşmənin məqsədi turizm mövsümünü pozmaq və ölkə üzrə yanacaqdoldurma məntəqələrində növbə gözləyən insanları dəli etməkdir”.
Amma deyəsən, ən çox dəliyə dönən elə onun özüdür. Azərbaycana, Türkə nifrəti il tanınan, hətta Ermənistanın persona non-qrata elan elədiyi Marqarita Simonyan beləcə, əslində, çox bədbin danışıb...
Diqqət edin, bunu hanısa rus şovinisti yox, erməni deyir. Üstəlik, hazırda onkoloji (xərçəng) xəstəsi olan, bir növ, canı ilə əlləşən bu qadın müharibəyə, yeni qırğınlıqlara, yeni vəhşiliklərə səsləyir. Öz qeydinə qalmaq, heç olmasa, həyatının bundan sonrakı hissəsində yalandan da olsa, insanpərvər kimi görünmək əvəzinə.
Amma və lakin Kremlin uzun on illər bəslədiyi bu zat oradan aldığı təlimata son nəfəsinədək əməl eləmək zorunda. Moskva “valı” asanca dəyişmir.
Təbii ki, ölüm və həyat Allahın əlində. Ancaq könül istərdi ki, Simonyan ermənilərin Ermənistanın kapitulyasiyasını əyani gördükləri kimi, Ukrayna məsələsində də Putinin strateji məğlubiyyətini o, öz gözləri ilə görsün. Çünki bu məğlubiyyət ümumən insanlığın Simonyan daxil, şər qüvvələr üzərində qələbəsi olacaq...
Z. SƏFƏROĞLU