Mütəxəssislər bildirir ki, ucuz və keyfiyyətsiz gün eynəkləri gözləri qorumaq əvəzinə daha çox zərərə səbəb ola bilər.
Medianews.az xəbər verir ki, risk əsasən linzaların keyfiyyətində və UV filtrasiyasında gizlənir.
Havaların isinməsi ilə gün eynəklərindən istifadə artsa da, bu, avtomatik qorunma demək deyil. Aşağı keyfiyyətli məhsullar günəş şüalarını düzgün bloklamır və gözə zərərli ultrabənövşəyi (UV) şüaların keçməsinə imkan yaradır.
Mütəxəssislər qeyd edir ki, tünd rəngli linzalar təkbaşına qoruyucu sayılmır. UV filtri olmayan eynəklər göz bəbəyinin genişlənməsinə səbəb olur və daha çox şüanın gözə daxil olmasına şərait yaradır. Bu isə bəzən eynəksiz qalmaqdan da zərərli ola bilər.
Standartsız şüşələr işığı düzgün sındırmadığı üçün göz daha çox yorulur. Nəticədə baş ağrısı, bulanıq görmə və uzunmüddətli görmə zəifləməsi yarana bilər.
Sertifikatsız eynəklər yalnız görməni deyil, həm də göz səthini zədələyə bilər. Uzun istifadə zamanı yanma, quruluq və işığa həssaslıq artır.
Keyfiyyətli gün eynəklərində UV400 kimi qoruyucu filtr olur. Bu, zərərli şüaların qarşısını alır və gözün daha az yorulmasını təmin edir.
Mütəxəssislər vurğulayır ki, gün eynəyi seçərkən yalnız görünüşə və qiymətə deyil, onun qoruyucu xüsusiyyətlərinə də diqqət yetirilməlidir.
Medianews.az