Gördüyünüz bu fotolar 2007-ci ilin dekabrında İspaniyanın "Barcelona" klubunun BMT-nin Uşaq Təşkilatı (UNİCEF) ilə birgə həyata keçirdiyi humanitar layihə çərçivəsində çəkilib və təqvimdə istifadə olunub.
Medianews.az xəbər verir ki, bu fotolarda Lionel Messi 20 yaşında, Lamin Yamal isə beş aylıqdır.

Hazırda Messi Argentina millisinin kapitanı, Yamal isə İspaniya yığmasının hücumçusudur.
Bu həftənin sonu onlar 23-cü dünya futbol çempionatının finalında qarşılaşacaqlar. 39 yaşlı Messi üçün bu, yəqin ki, son dünya kubokudur, 19 yaşlı Yamalın isə önündə uzun karyera var...

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 23-cü dünya çempionatı iyunun 11-dən strat götürüb.
Argentina qrup raundunda Əlcəzair (3:0), Avstriya (2:0) və İordaniyanı (3:1), 1/16 finalda Kabo Verdeni (3:2), 1/8 finalda Misiri (3:2), dörddə bir finalda İsveçrəni (3:1), yarımfinalda İngiltərəni (2:1) məğlub edib.
İspaniya qrup mərhələsində Kabo Verde ilə sülhə razılaşıb (0:0), Səudiyyə Ərəbistanı (4:0) və Uruqvayı (1:0) udub, 1/16 finalda Avstriyanı (3:0), 1/8 finalda Portuqaliyanı (1:0), dörddə bir finalda Belçikanı (2:1), yarımfinalda Fransanı (2:0) ələyib.
Çempionatın geridə qalan 102 oyununda 297 qol vurulub. Lionel Messi (Argentina) və Kilian Mbappe (Fransa) 8, Erlinq Holann (Norveç) 7, Harri Keyn və Cud Bellingem (İngiltərə) 6 qola imza atıb.
2 oyunçu 5 qolun, 3 oyunçu 4 qolun, 16 oyunçu 3 qolun, 30 oyunçu 2 qolun, 118 oyunçu 1 qolun müəllifidir.
Turnirdə 14 avtoqol qeydə alınıb.
Yekun matç (İspaniya – Argentina) kimi üçüncü yer oyunu (Fransa – İngiltərə) da iyulun 19-na təyin olunub.