Türkiyənin tanınmış müğənnisi Haluk Levent təsisçisi olduğu "Ahbap" dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində Bursada saxlanılıb.
Medianews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, "Dərnəklər haqqında" qanunun tələblərini pozmaq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq və cinayət təşkilatına üzv olmaq maddələri ilə ittiham olunur.
Məlumata görə, Haluk Levent Almaniyaya getmək üçün hava limanına yollanıb və bilet alıb. Lakin ölkədən çıxışına qadağa qoyulduğunu öyrəndikdən sonra evinə qayıdıb.
Bildirilir ki, daha sonra telefonlarını söndürərək İzmir istiqamətində hərəkət edib və Bursa şəhərində saxlanılıb.
İstintaqın iddiasına əsasən, Haluk Levent 2020–2026-cı illər ərzində ümumilikdə 990 milyon türk lirəsi (21 milyon ABŞ dolları) məbləğində mərc oyunlarında iştirak edib və 390 milyon lirə (8 milyon 300 min ABŞ dolları) itirib.
Bundan başqa, iddiaya görə, "Ahbap" dərnəyinin hesabından müğənninin köməkçisi Yeliz Kayanın hesabına 120 milyon türk lirəsi (2 milyon 554 min dollar) köçürülüb.