Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində növbəti əməliyyat keçirilib. İstintaq çərçivəsində 25 nəfər barəsində saxlanılma qərarı verilib, onlardan 8-i, o cümlədən müğənni İlyas Yalçıntaş saxlanılıb.
Medianews.az xəbər verir ki, Bakırköy Respublika Prokurorluğu narkotik vasitələrlə bağlı istintaq çərçivəsində ictimaiyyət arasında sənətçi, aktyor, iş adamı və biznes sahibi kimi tanınan 25 şübhəli barəsində saxlanılma qərarı çıxarıb.
Prokurorluğun açıqlamasında bildirilib ki, aparılan araşdırma zamanı həmin şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiyini, bu maddələrin istifadəsini asanlaşdırdığını və istifadə üçün məkan təmin etdiyini göstərən əsaslı şübhələri dəstəkləyən sübutlar əldə olunub.
İstintaq çərçivəsində İstanbul Vilayət Jandarma Komandanlığına 25 şübhəlinin saxlanılması, axtarış aparılması, bioloji nümunələrinin götürülməsi və ifadələrinin alınaraq prokurorluğa təqdim edilməsi barədə göstəriş verilib.
Keçirilən əməliyyat zamanı müğənni İlyas Yalçıntaş, Mehmet Fatih Aksoy, Ateş İnce, Şefik Ömər Dolman, Aybüke Aldere, Ayşe Nur Balcı, İrem Haznedar və Öner Faruk Işık jandarma əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, İlyas Yalçıntaşın evində aparılan axtarış zamanı həssas elektron tərəzi və narkotik maddələrin istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilən müxtəlif ləvazimatlar aşkar edilərək götürülüb.
Hadisə ilə bağlı istintaq davam etdirilir.//Lent.az
