Texnologiyanın sürətli inkişafı ilə insanların gündəlik ödəniş vərdişləri də dəyişir. Bir vaxtlar pul və xırda qəpiklərlə dolu pulqabıları həyatımızın ayrılmaz hissəsi idisə, bu gün onları bank kartları, mobil tətbiqlər və rəqəmsal pulqabılar əvəz edir. Artıq marketdə alış-veriş edərkən, kafedə hesab ödəyərkən, hətta küçə ticarətində belə bir toxunuş və ya QR kodun skanı kifayət edir.
Lakin bu dəyişiklik təkcə rahatlıq məsələsi deyil. Nağdsız ödənişlərin genişlənməsi ölkə iqtisadiyyatına, vergi sisteminə və biznes mühitinə də təsir göstərən mühüm proses kimi qiymətləndirilir.

Bəs elektron ödənişlərin artması iqtisadiyyata hansı üstünlüklər qazandırır? Vergi daxilolmalarına və dövlət büdcəsinin gəlirlərinə necə təsir edir? Tez-tez qeyd olunur ki, nağdsız hesablaşmalar kölgə iqtisadiyyatının azalmasına kömək edir. Bu mexanizm praktikada necə işləyir və onun real nəticələri nədən ibarətdir? Eyni zamanda, nağdsız ödənişlərin genişlənməsi biznes və istehlakçılar üçün hansı yeni çağırışları ortaya çıxarır?

Mövzu ilə bağlı Medianews.az-ın suallarını cavalandıran iqtisadçı Xalid Kərimli bildirib ki, elektron ödənişlərin artması, birincisi, iqtisadiyyatda şəffaflığı yaxşılaşdırır. Onun sözlərinə görə, elektron və yaxud kartla ödənişlər etdikdə avtomatik olaraq elektron iz buraxır: “Burada vergidən yayınma imkanları da aşağı düşür, iqtisadiyyatda şəffaflıq artır. Daha sonra, dövriyyələr bank sektorundan keçir. Bank sektoru üçün də əlavə imkanlar yaranır. Hesabatlılıq, şəffaflıq, qeydiyyatlılıq yaxşılaşır. Bundan başqa, insanlar üçün də rahatlıqdır. Cibində pul saxlamamağın rahatlığını yaşayırlar. Elektron ödəniş edə bildiklərinə görə pulu fiziki aparıb vermirlər, vaxt itirmirlər, rahat ödəniş edirlər. Elektron ödənişlərin çox olması onlayn ticarəti, rəqəmsal platformaların inkişafını sürətləndirir.
Həmçinin vergi məsələsinə müsbət təsir edir. Elektron və ya kartla ödəniş varsa, vergidən yayınma imkanları yox deməkdir. Çünki onların hamısı bank hesablarından keçir, hamısının qeydiyyatı aparılır. Kartdan-karta (card-to-card) əməliyyatlarını nəzərdə tutmuram. Mənim bəhs etdiyim elektron ödənişlər saytlar vasitəsilə icra olunan, eləcə də marketlərdə və digər məkanlarda kartla, terminallarla həyata keçirilən əməliyyatlardır.

Kartdan-karta köçürmələr isə, mahiyyətcə, bildiyimiz adi nağd hesablaşmanın elektron formasıdır. Yəni sadəcə bir şəxsin digərinə pul göndərməsindən ibarətdir. 100 manatı nağd çıxarıb əlbəəl vermək ya da kartdan-karta köçürmək – əslində hər ikisi eyni şeydir.
Məhz buna görə də kartdan-karta əməliyyatlarına nəzarət getdikcə gücləndirilir. Müəyyən bir məbləğ limiti keçildikdə artıq vəsaitin mənbəyi və təyinatı sorğulanır; yəni “bu pul haradandır, nə məqsədlə göndərilir, kartdan-karta niyə bu qədər böyük dövriyyə edirsiniz?” kimi suallarla hesabatlılıq tələb olunur”.

X.Kərimli qeyd edib ki, burada bizneslərin qarşılaşdığı əsas çətinliklərdən biri rəqəmsal və kart ödənişləri zamanı müəyyən xidmət haqlarının tutulmasıdır: “Belə ki, bu əməliyyatlarda təqribən 2 faizə qədər komissiya ödənilir və bu, sahibkarlar üçün ən böyük problemlərdən biridir. Bizneslərin digər problemi isə nağd pula ehtiyac yaranarkən özünü göstərir. Banklardan nağd vəsaitin çıxarılmasına limitlər mövcuddur; vergi rejiminə uyğun olaraq bu limit adətən 15-30 min manat arasında dəyişir və müəyyən olunmuş həddən artıq vəsait çıxarmaq qeyri-mümkündür. Üstəlik, bu nağdlaşdırma prosesində də bizneslər əlavə olaraq 2 faizə yaxın komissiya xərci ilə qarşılaşırlar.
İstehlakçılar üçün isə bu sistem əlavə bir komfort və rahatlıq deməkdir. Üstəlik, onlar etdikləri ödənişlərdən keşbek qazanmaq imkanı əldə edirlər. Digər tərəfdən, dövlət də bu prosesi təşviq edir – nağdsız ödənişlər zamanı “ƏDV geri al” faizi nağd hesablaşmalara nisbətən daha yüksək olur.

Lakin bəzi çağırışlar da yox deyil. Bank kartlarından düzgün istifadə edə bilməyən və kibertəhlükəsizlik qaydalarından xəbərsiz olan şəxslər qlobal fırıldaqçıların hədəfinə çevrilə bilərlər. Əgər əvvəllər cibgirlər avtobusda kiminsə cibinə girir, yaxud evlərə oğurluğa gedirdilərsə, indiki dövrdə kiçik bir ehtiyatsızlıq kifayətdir ki, kimsə Latviyada oturub sizin kartınızdan vəsait çəksin. Yəni bu sahədə ən kritik məqam məhz İT təhlükəsizliyi məsələləridir”.
Nailə Qasımova,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb.
