“Bizim sənət sözlə səsin vəhdətindən yaranıb. Yəni sözlə musiqinin. Mən nəinki meyxanaçılara, yaxşı söz nümunəsi yaradan istər meyxanaçı olsun, istər qəzəlxan, istərsə də şair olsun onların hamısına dərin ehtiramım, hörmətim var. Həmişə də istəmişəm ki, onlarla şəxsən tanışlığım, dostluq bağım olsun. İlqar Fəhmi, Axund Azər, Əşrəf Pirşağılı və s. qəzəlxanlardan nəinki söz öyrənirsən, hətta mənəvi dünyan da zənginləşir. O ki, qaldı Aydın Xırdalanlıya.. Aydın bunların içində ruhuma ən yaxın olan şair olub. Allah ona rəhmət etsin. Anası Pikə xanımla da gözəl münasibətim var. Biri var ki, möhtəşəm şair, biri də var ki, ruhunu oxşayan şair. Aydın Xırdalanlının qəzəllərini özümə daha yaxın bilmişəm deyə müraciət etmişəm".
Bunu Medianews.az-a açıqlamasında tanınmış müğənni Əminə Şirin deyib. O daha sonra şou-biznesin bu günündən danışıb:

“Şou-biznesin nə vaxtsa yiyəsi olub ki? Sadəcə qapı bir ömür boyu açıq olub. Qapı da açıq olanda adamda nə abır, nə də həya olur. Girən girir, çıxan çıxır. Fərqi yoxdur ki, sənin təqdim etdiyin iş kefiyyətlidir yoxsa yox? Şou-biznes sosial şəbəkələr aktiv hala gələndən sonra daha çox yiyəsiz qaldı. Oxuyub, bir video çəkib, instaqrama yüklədilər və o dəqiqə də məşhurlaşdılar, efirlərə ayaq açdılar. Ona görə də insanların əksəriyyəti televiziyanı izləmir. Televiziyada heç olmasa senzura var, amma sosial şəbəkələrdə senzura yoxdur deyə şou-biznesə gəlmək istəyənlər də ordan başlayır. Dediyim kimi, qapı açıqdır” deyə müğənni bildirib.
“Bu gün gündəm olmaq üçün sənət göstərmək lazımdır yoxsa Əminəyə söz atmaq?” sualına müğənni belə cavab verib:
“Sənət göstərmək elə bir mövzudur ki, hamıya sənətkar doğulmaq qismət olmur. Sənətkar sonra parıldayar, parıldamaz. Bu qismət işidir. Allahın işidir. O sənin nə dərəcədə özünə, seçdiyin yolda öz gücünə, yaradanına inamından irəli gəlir. Bir az inam, bir az da əziyyət. Bunlar hamısı balanslı şəkildə olanda ehtimal var ki, həmin adamın əziyyəti də yerdə qalmayacaq. O ki, qaldı mənə söz atmaq.. Bu gün əgər kimsə efirə çıxıb, Əminənin adını çəkirə və ruzisi artırsa, eybi yox qoy olsun. Onun da arzuları var. O da bir yolla gündəm olsun. Əsas odur ki, heç kəs kimsənin haqqını tapdamasın. Əgər bir sənətkara söz atmaq, onun sənətini təhlil etmək istəyirlərsə, bu da düzgün şəkildə olmalıdır. Mənim üçün məsələnin əsas sənət tərəfidir. Mən əgər ustadlarım tərəfindən sənətkar adını öz ünvanıma eşitmişəmsə, eşidirəmsə bu mənim üçün böyük gündəmdir” deyə sənətçi bildirib.
Əminə Şirin gerçəkləşməyən arzusundan da danışıb:
“Allah kaş mənə Mirzə Babayevlə duet oxumağı qismət edərdi. Kaş... Bu dəfə alınmadı, bir dəfə işdir yenidən dünyaya gəlsək bu arzumun reallaşmasını istərdim. Çünki onun sözü çatdıra bilməsi, obrazlı ifa etməsi və s.. Bir ömür boyu onu dinləmişəm və zövq almışam” deyə müğənni bildirib.
Medianews.az
