Bakı və ətrafında hər güclü leysan yağışı eyni mənzərəni yaradır: yollar su ilə dolur, nəqliyyat çətinləşir, şəhərdə həyat iflic olur. Bu problemlər əsasən zəif infrastruktur və yağış sularının düzgün yönləndirilməməsi ilə bağlıdır. Bəs niyə bu vəziyyət hər dəfə təkrarlanır və bunun üçün hansı real çıxış yolları var?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında tanınmış memar Yeganə Abdullayevanın sözlərinə görə, bəzi ərazilər var ki, orada ümumiyyətlə, ev tikintisinə icazə verilməməlidir.
Xanım memar qeyd edib ki, uzun müddət yağış yağmadıqda bəzi işbazlar su axınları üçün nəzərdə tutulmuş əraziləri – məsələn, körpülərin kənarlarını və ya dənizə axan axıntı yollarını boş sahə kimi qəbul edirlər və nəticədə həmin yerlərdə evlər tikərək satışa çıxarırlar:
“Bu cür plansız tikinti sonradan ciddi problemlərə səbəb olur. Kanalizasiya sistemlərinin tutulmasının əsas səbəblərindən biri də məhz insan faktorudur. Əhali küçəyə atılan tullantıların fəsadlarını tam dərk etmir və bu qadağaları yalnız cərimə ilə əlaqələndirir. Halbuki atılan hər bir kiçik zibil kanalizasiya lyuklarının kənarındakı kiçik dəlikləri tıxayaraq suyun axınının qarşısını alır”.
Y.Abdullayeva əlavə edib ki, əgər problem boruların ölçüsü ilə bağlı olsaydı, bu zaman onların təmizlənməsi də mümkün olmazdı:
“Mövcud kanalizasiya xətləri müəyyən dövrlərdə yenilənir və əhalinin artımı nəzərə alınaraq bəzi ərazilərdə daha iri borularla əvəzlənir. Xüsusilə şəhərin mərkəzindən kənar qəsəbələrə köçlərin artması bu dəyişiklikləri zəruri edib. Buna baxmayaraq, əsas problem yenə də düzgün istifadə və nəzarətin zəif olmasıdır. Kanalizasiya xətləri mütəmadi təmizlənsə də, tullantıların lyukları tıxaması səbəbindən hər güclü yağış zamanı küçələrdə su yığılması qaçılmaz olur. Problemin həlli yalnız texniki tədbirlərlə deyil, eyni zamanda ictimai davranışın dəyişməsi ilə də mümkün ola bilər”.
Oğuz Ayvaz,
Medianews.az