Medianews.az
Sülh Şurası Azərbaycana nə verəcək? -
173 baxış

Sülh Şurası Azərbaycana nə verəcək? - AÇIQLAMA

Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv dövlət olmaq qərarına gəlib. Yanvarın 21-də Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında deyilir ki, Donald Tramp Azərbaycan Respublikasını təşkilata təsisçi üzv dövlət olmağa dəvət edib: “Azərbaycan Respublikası sözügedən dəvəti qəbul edərək, Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. Ölkəmizin Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək”.

Sülh Şurasına təsisçi dövlət kimi üzv olmaq Azərbaycana nə verir, hansı üstünlükləri qazandırır?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Xaqani Cəfərli bildirib ki, ABŞ-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq mərhələsinə daxil olub və Sülh Şurasında təmsilçilik iki ölkə arasında münasibətlərə daha da müsbət təsir edəcək: “Əgər Tramp administrasiyası ehtimal olunduğu kimi Sülh Şurasını BMT-nin əvəzinə yeni dünya düzəninin mərkəzi təsisatına çevirə bilsə, bu təsisatın təsisçisi olmaq Azərbaycana siyasi və diplomatik üstünlük qazandıra bilər”.

X.Cəfərlinin fikrincə, Azərbaycanın qlobal iqtisadiyyatda, qlobal münasibətlərdə təmsilçiliyinin artması, güclənməsi də ölkəmizin beynəlxalq təsisatlarda daha fəal iştirakını diktə edir: “Yəni dəyişən dünya imkanlarla bərabər risklər və çağrışlar da doğurur. Azərbaycanın xarici siyasətinin vəzifəsi yaranan imkanlardan maksimum istifadə etmək, risk və çağırışları zərərsizləşdirməkdir. Bunun üçün də beynəlxalq müansibətlər sisteminin məhsulu olan təsisatlarda təmsil olunmaq lazımdır.

Əgər Trampın Sülh Şurası ilə bağlı təşəbbüsü bizdən asılı olmayan səbəblərdən gerçəkləşməsə, biz yenə də uduzan tərəf olmayacağıq. Buna görə də Azərbaycanın Sülh Şurasına qoşulmaq qərarını doğru addım kimi qiymətləndirmək lazımdır”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun