Medianews.az
Su fasilələri, sensasion nəticələr və şübhələr: Dünya Çempionatında oyunlar danışılır? –
279 baxış

Su fasilələri, sensasion nəticələr və şübhələr: Dünya Çempionatında oyunlar danışılır? – SORĞU

Hazırda davam edən futbol üzrə dünya çempionatı ətrafında müxtəlif müzakirələr davam edir. Xüsusilə oyunlardakı su fasilələrinin reklam və kommersiya məqsədləri üçün geniş istifadə olunması müəyyən azarkeşlərin narazılığına səbəb olur. Bir çox futbolsevər, mütəxəssislər hesab edir ki, turnirdə əvvəlki dünya çempionatları ilə müqayisədə maraq və futbol həyəcanı daha zəif hiss olunur. Bununla yanaşı, qeydə alınan bəzi gözlənilməz nəticələr və sensasion oyunlar futbol ictimaiyyətində müxtəlif suallar yaradıb. Sosial şəbəkələrdə və idman çevrələrində bəzi qarşılaşmaların əvvəlcədən razılaşdırıldığı, oyun alqı-satqısının mümkün olduğu ilə bağlı iddialar geniş yayılır.

Dünya çempionatında bəzi oyunların nəticələri əvvəlcədən razılaşdırılmış ola bilərmi? Futbol artıq böyük güclərin və biznes maraqlarının təsiri altına düşüb?

Medianews.az bu barədə futbol mütəxəssisləri arasında sorğu keçirib.

Cavabları təqdim edirik:


İdman jurnalisti Araz Əhmədov:

“Su fasiləsinin olması birbaşa oyunun tempinə mənfi təsir göstərən amildir. Əgər bu, reklam məqsədilə edilirsə, o zaman futbolun baxımlılığı getdikcə aşağı düşəcək. Bu mundiala marağın az olmasını Dünya Çempionatının keçirildiyi məkanla (ABŞ və Kanada kimi ölkələrdə digər idman növləri daha populyardır, yalnız Meksikada futbola böyük maraq var) və matçların keçirilmə saatları ilə əlaqələndirirəm.

Mən heç vaxt belə böyük turnirlərdə oyun alqı-satqısı ilə bağlı səsləndirilən iddialara inanmamışam. Sadəcə, bu cür söz-söhbətlərin yaranmasına səbəb gözlənilməz nəticələrin qeydə alınmasıdır. Bu isə Dünya Çempionatında rekord sayda yığmanın iştirak etməsi ilə bağlıdır. Üstəlik, hər kəs dərk etməlidir ki, futbolda güc balansı getdikcə bərabərləşir, yəni artıq demək olar ki, hamı futbol oynaya bilir.”


İdman şərhçisi, “CBC Sport” telekanalının əməkdaşı Pərviz Musayev Pərviz Musayev:

“Ümumiyyətlə, su fasiləsi yeni bir şey deyil. Çünki bunu həm bizim çempionatlarda, həm digər ölkələrin liqalarında, həm də UEFA yarışlarında dəfələrlə görmüşük. İsti hava şəraitində su fasiləsinin elan olunması normal prosesdir. Ona görə də burada su fasiləsinin verilməsində qeyri-adi heç nə yoxdur. Bəli, fasilənin 3 dəqiqə olması diqqət çəkə bilər. Çünki Azərbaycan çempionatında adətən su fasilələri 1 dəqiqə olur, futbolçular su içir və oyun davam etdirilir. Amma burada temp məsələsi də var. Oyunun ritminin yenidən bərpa olunması müəyyən vaxt tələb edir. Bir var 1 dəqiqəlik fasilə, bir də var 3 dəqiqəlik fasilə. Ola bilər ki, bu müddət futbolçuların sağlamlığını qorumaq məqsədi daşıyır. Mövsümün sonunda keçirilən dünya çempionatı və isti hava şəraiti də nəzərə alınır. Dünya çempionatında komanda sayı və oyun sayı artıb. Qrup mərhələsində də kifayət qədər maraqlı qarşılaşmalar izlədik. Məsələn, Kabo-Verde yığması mübarizə əzmi və göstərdiyi oyunla diqqət çəkdi. Yəni futbola marağın azaldığını demək olmaz. Əksinə, kifayət qədər maraq var.

Futbolda hər zaman gözlənilməz nəticələr və sensasiyalar olur. Əgər mən oyunların əvvəlcədən danışıldığını və ya alqı-satqı olduğunu düşünsəm, həmin gün mənim şərhçilik fəaliyyətimin son günü olar. Mən şərh etdiyim oyunların əvvəlcədən müəyyənləşdirildiyinə inansam, artıq həmin oyunu şərh etməyin mənası qalmaz. Açığı, belə şeylərə inanmaq istəmirəm. Əlbəttə, futbol tarixində oyun alqı-satqısı ilə bağlı müxtəlif faktlar ortaya qoyulub, hətta sübuta yetirilmiş hallar da olub. Amma mən bunları düşünməməyə çalışıram. Çünki belə fikirlərlə oyuna yanaşsam, şərhçiliyimin də heç bir marağı qalmaz.”



Futbol üzrə məşqçi Vurğun Hüseynov:

“Mənim fikrimcə, su fasiləsinin olması normaldır. Çünki havalar çox isti olduqda hakimlər məcburən su fasiləsi verməlidirlər. Futbolçular isti havada daha çox enerji itirirlər. Buna görə də su fasiləsi verilir ki, heç olmasa 2-3 dəqiqə ərzində su içib itirdikləri enerjinin bir hissəsini bərpa edə bilsinlər. Əks halda zədələnmə ehtimalları daha çox olar.

Şəxsi fikrimcə, hansısa oyunun danışılmış olması inandırıcı görünmür”.


Futbol eksperti Elmar Rza:

“Hazırkı mundialda su fasilələrin ilk başda daha çox sağlamlıq və kommersiya məqsədləri daşıyırdı. Hazırda isə komandaların baş məşqçiləri də bu fasilədən effektiv istifadə edir. Taktiki planda müəyyən dəyişikliklər edir, futbolçulara əlavə tapşırıqlarını daha rahat yolla çatdırırlar. Ola bilsin, FİFA bu üsulla futbolda vaxt və hissə sayı baxımından inqilabi dəyişikliklərə hazırlaşır. Artıq futbol ictimaiyyətində gələcəkdə bu tipli yeniliklərin tətbiqi barədə müzakirələr aparılır.

Maraq baxımından problemin olduğunu düşünmürəm. Kifayət qədər gərgin və maraqlı qarşılaşmalar izləyirik. Sadəcə matçların bəzilərinin bizim üçün uyğunsuz vaxtda olması problem yaradır. Bu səviyyəli turnirdə oyun alqı-satqısı ilə bağlı iddialar səsləndirmək üçün çox ciddi sübutlar lazımdır. Komandaların bəzən hər iki tərəfi qane edən nəticəyə oynaması isə hələ həmin matçın əvvəlcədən razılaşdırıldığı anlamına gəlmir.

Bəli, təəssüf ki, böyük güclərin idmana müəyyən təsirləri qaçılmaz olur. Məsələn, bu dünya çempionatında ABŞ hökumətinin təsiri ilə FİFA-nın "yankilər"in futbolçusu Folarin Baloqanın qırmızı vərəqə cəzasını bir il müddətinə ertələməsi futbola kobud müdaxilə kimi qiymətləndirilə bilər. İndi bu qərara əsasən sözügedən oyunçu cəza səbəbindən buraxmalı olduğu Belçika ilə görüşdə forma geyinə biləcək”.

Oğuz Ayvaz
Medianews.az

Bizə qoşulun