“Qışda diş minası daha həssas olur”.
Medianews.az xəbər verir ki, bunu ingilis stomatoloqu Raja Junjin deyib.
O qeyd edib ki, temperaturun daimi dəyişməsi qışda dişləri daha həssas edir. Məsələn, çöldə bir fincan isti qəhvə içməyin şiddətli ağrılara səbəb ola biləcəyini söyləyib. Bundan əlavə, soyuq diş minasına və plomblara zərər verə bilər.
"İsti mühitdən soyuq mühitə keçərkən dişlər bir qədər genişlənir və büzülür. Bu zaman keçdikcə minada mikroçatların yaranmasına və ya hətta köhnə plombların zədələnməsinə səbəb ola bilər", - deyə həkim bildirib.
Mütəxəssis onu da qeyd edib ki, sıfırdan aşağı temperaturda bir çox insanlarda tüpürcək çatışmazlığı və ağızda quruluq hissi yaranır. O, tüpürcək olmadan ağızdakı bakteriyaların daha sürətlə çoxaldığını, bunun da ağız qoxusuna və dişlərə zərər verə biləcəyini vurğulayıb.
Qışda dişlərə mənfi təsirini azaltmaq üçün həkim su içməyi, tüpürcək əmələ gəlməsini stimullaşdırmaq üçün şəkərsiz saqqız çeynəməyi və qapalı şəraitdə nəmləndiricidən istifadə etməyi məsləhət görüb. Dişlər həssaslaşarsa və soyuğa reaksiya verirsə, diş həkimi ilə görüşməyi tövsiyə edib.
Medianews.az