Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov onu tənqid edərək “adi, sıradan bir aktyor” adlandıran Əbdül Mahmudbəyova cavab verib.
Medianews.az-a açıqlama verən sənətkar həmkarının onun ünvanına söylədiyi bu fikirləri heç cür qəbul etmədiyini bildirib.
“Mənim Şeyx Əbdüllə heç bir pis münasibətim yoxdur. Onun xətrini çox istəyirəm. Onun haqqımda düşündüyü fikirlər məni təəccübləndirdi. Düzdür, mən “Azərbaycanfilm” kinostudiyasında az çəkilmişəm, amma Özbəkistan, Türkmənistan, Tacikistan, Almaniya, “Mosfilm”-də çox çəkilmişəm. Bəli, Şeyx Əbdül məni “Doğma sahillər” filmində baş rola çəkib. O məni baş rola çəkibsə bu o deməkdir ki, mən başqa filmlərdə çəkilməmişəm və kinoda xidmətlərim yoxdur?! O mənim haqqımda belə fikirləşməməlidir. Heç kim istəmirdi ki, mən onun filmində baş rolda oynayım, amma Şeyx Əbdül dedi ki, mən mütləq Tariyeli çəkəcəm. Polkovnik Nəsibov rolu mənim üçün özəldir. Əgər adi aktyor idimsə, niyə məni baş rola çəkirdin?! Mən adi aktyor deyiləm. Yeganə aktyoram ki, Sovet dövründə Özbəkistanda 6 filmdə baş rola çəkilmişəm. Onun da biri 17 seriyadır. Tacikistanda 3 seriyalı filmə çəkilmişəm. Bugünlərdə Türkmənistanın prezidenti Bakıya gəlmişdi. O da Azərbaycan-Türkmənistanda mədəniyyət əlaqələrindən söz düşəndə məndən danışıb”- deyə aktyor bildirib.
Tariyel Qasımov bildirib ki, Şeyx Əbdül onunla Xalq artisti Şəfiqə Məmmədovanın ədavətini aparır:
“Bəli, mən Şəfiqə xanımı yox Əli İsa Cabbarovu dəstəkləyirəm. Buna görə Şeyx Əbdül niyə əsəbləşir?! Əli İsanı dəstəkləmişəm, dəstəkləyəcəm də. Şəfiqə xanımı qəti dəstəkləmirəm. Nə oldu kinoittifaq seçkiləri hələ bitmədi?! Şəfiqə xanımı nə Şeyx Əbdül sevir, nə də mən. Çünki kobudluq edir. İşdir əgər seçkilərdə Şeyx Əbdülü təsdiq etsələr mən əlimi ikiəlli qaldıraram. O sədr seçkilərinə layiq adamdır”.
Əli Əsgər
Medianews.az
26.06.2026, 11:03
225
baxış
TURAN
“Şəfiqə xanımı nə mən sevirəm, nə də Şeyx Əbdül" - Xalq artistindən CAVAB/ÖZƏL
Paylaş: