Medianews.az saytı Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Sarukyana irəli sürülmüş ittihamları gözdən keçirib.
İyulun 6-sı paytaxt Yerevanda tutulan Qaqik Sarukyan dələduzluqda və çirkli pulların yuyulmasında, həmçinin qanunsuz ovda təqsirli bilinir. Paytaxtın birinci instansiya məhkəməsi iyulun 7-də onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
İstintaq Komitəsinin iddiasına görə, 2022-2024-cü illərdə Qaqik Sarukyanın başçılıq etdiyi dəstə Ermənistan-İran iqtisadi əlaqələrinin inkişafı adı ilə şirkətlər yaradıb, bu dalğada dələduzluqla dövlətə 21 milyon dollardan çox ziyan vurulub, bir İran vətəndaşının isə 934 min dolları ələ keçirilib.
Vəhşi heyvanların qanunsuz ovunun təşkili, qeyri-rəsmi zoopark saxlanmasını əhatə edən ittiham üzrə isə ətraf mühitə 81 min dollardan çox ziyan vurulduğu qeyd olunur.
1956-cı il təvəllüdlü Qaqik Sarukyan gəncliyində boks, güləş və başqa idman növləri ilə məşğul olub, bədən tərbiyəsi müəllimliyi və məşqçilik edib. Ermənistan Milli Olimpiya Komitəsinin prezidentidir.
1980-ci illərdən sahibkarlıq fəaliyyəti göstərib, sonradan iri biznesmenə çevrilib.
Siyasətə 2000-ci ildə qoşulan Qaqik Sarukyan Çiçəklənən Ermənistan Partiyasını 2004-cü ildə yaradıb. 2003, 2007, 2012, 2017, 2018-ci illərdə parlamentin deputatı seçilib.
Bu il iyunun 7-də keçirilmiş parlament seçkisində 105 nəfərlik qanunverici orqana üç qüvvə mandat alıb: baş nazir Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası 64, biznesmen Samvel Karapetyana bağlı Güclü Ermənistan bloku 29, sabiq prezident Robert Köçəryana bağlı Ermənistan bloku 12 yer götürüb.
Seçkinin şanslı iştirakçılarından olan Çiçəklənən Ermənistan Partiyası mandat ala bilməyib.
Toğrul Əli,
Medianews.az