Noyabrın 12-də xəstəxanadan həbsxanaya qaytarılan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin üstündə dörd hökm və daha iki cinayət işi var.
Medianews.az bildirir ki, 2021-ci il oktyabrın 1-də tutularaq Rustavi şəhərindəki 12 saylı həbsxanaya yerləşdirilən sabiq prezident həmin gündən aclıq aksiyası keçirib, noyabrın 8-də Xüsusi Penitensiar Xidmətin paytaxt Tbilisidəki müalicə müəssisələrindən birinə köçürülüb. Noyabrın 20-də Müdafiə Nazirliyinin Qoridəki hərbi hospitalına aparılan sabiq prezident həmin gün aclığı dayandırıb və orada müalicə alıb, dekabrın 30-da Rustavi həbsxanasına qaytarılıb.
Mixail Saakaşvili 2022-ci il fevralın 21-dən martın 10-dək Rustavi həbsxanasında bir daha aclıq aksiyası keçirərək gərəkli tibbi yardım göstərilməsi tələbi qoyub. Mayın 12-də Mixail Saakaşvili Tbilisidəki “Vivamedi” Tibb Mərkəzinə köçürülüb və 2025-ci il noyabrın 12-dək orada saxlanıb.
1967-ci il təvəllüdlü Mixail Saakaşvili prezident postunu 2004-2013-cü illərdə tutub. O, 2015-ci ildən Ukraynada yaşayaraq vətəndaşlıq aldığı üçün Gürcüstan vətəndaşlığından məhrum edilib.
2013-cü ildə Gürcüstanı tərk edəndən sonra Mixail Saakaşviliyə iki qiyabi hökm çıxarılıb.

2018-ci il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi sabiq prezidenti bankir Sandro Qirqvlianinin işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilərək ona 3 il azadlıqdan məhrumetmə cəzası verib.
Sandro Qirqvliani 2006-cı ildə öldürülüb. 2008-ci ildə prezident postunu tutan Mixail Saakaşvili bu ölüm işinə görə tutulmuş 4 polis zabitini əfv edib və onlar azadlığa çıxıblar.
2018-ci il iyunun 28-də Tbilisi Şəhər Məhkəməsi Mixail Saakaşvilini 6 il müddətinə azadlıqdan məhrum edib. Sabiq prezident 2005-ci ildə parlamentin deputatı Valeri Gelaşviliyə edilmiş hücumun təşkilində təqsirli bilinib.
2005-ci ildə Mixail Saakaşvili dövlət başçısı postunu tutarkən Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə Valeri Gelaşvilini döyüblər. Deputat ağır xəsarətlərlə xəstəxanaya düşüb. Valeri Gelaşvili hücumu prezidentin sifarişi saydığını bəyan edib.
2021-ci il sentyabrın 29-da Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i paytaxt Tbilisidə tutulub. Oktyabrın 20-də Mixail Saakaşviliyə dövlət sərhədini qanunsuz keçmək ittihamı irəli sürülüb. Onun sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstanın liman şəhəri Potiyə gəmi ilə gəldiyi, həmin gün əvvəl Batumi şəhərinə, ardınca Tbilisiyə getdiyi açıqlanıb.

2025-ci il martın 12-də Tbilisi Şəhər Məhkəməsi Mixail Saakaşvilini 2009-2012-ci illərdə Xüsusi Dövlət Mühafizəsi Xidmətinin vəsaitini israf etməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib.
Martın 17-də Tbilisi Şəhər Məhkəməsi sabiq prezidentə 4 il 6 aylıq həbs cəzası kəsib. Siyasətçi dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilinib.
Bu dörd hökmlə ümumi həbs cəzası 12 il 6 aydır.
Tbilisi Şəhər Məhkəməsinin icraatında olan başqa bir prosesdə sabiq prezident vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. O, 2007-ci il noyabrın 7-də xüsusi təyinatlı qüvvələrin müxalifətin mitinqində zorakılıq, “İmedi” telekanalının ofisində dağıntılar törətməsində, biznesmen və siyasətçi Badri Patarkatsişvilinin (2008-ci ildə vəfat edib) əmlakının ələ keçirilməsində təqsirli bilinir.
2025-ci il noyabrın 6-da isə Gürcüstanın Baş Prokurorluğu Mixail Saakaşviliyə dövlət çevrilişinə və konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırış ittihamı irəli sürüb.
Parlament respublikası olan Gürcüstanda hökuməti qanunverici orqanda çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016, 2020 və 2024-cü illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gələrək hökumət qurub. Mixail Saakaşvili hökumətə sərt müxalif mövqedə dayanır.
Medianews.az