Medianews.az
"Rusiya Azərbaycanın şərtlərini qəbul etmədi" -
241 baxış

"Rusiya Azərbaycanın şərtlərini qəbul etmədi" - AÇIQLAMA

Rusiya İstintaq Komitəsi 2024-cü ilin dekabrında AZAL-ın vurulan təyyarəsi ilə bağlı apardığı istintaqın yekun sənədini Azərbaycanın Baş Prokurorluğuna göndərib. Sənəddə bildirilir ki, təyyarə əlverişsiz hava şəraitinə görə Rusiya ərazisində eniş edə bilməyib. Bu əsasla da İstintaq Komitəsi cinayət işinə xitam vermək qərarına gəlib. 

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib ki, göründüyü kimi, Rusiya Azərbaycana təzminat ödəməyəcək və təyyarəni vuranlar cəzalandırılmayacaq: “Halbuki Düşənbədə Rusiya Prezidenti Vladimir Putin təyyarənin vurulduğunu etiraf edərək, kompensasiya ödənəcəyini və məsul şəxslərin cəzalandırılacağını vəd etmişdi". 

M.Əsədullazadə vurğulayıb ki, Rusiyanın apardığı istintaqda təyyarənin vurulması ümumiyyətlə qeyd edilmir, təyyarənin özünün yerə çırpıldığı bildirilir: "Bu o deməkdir ki, Rusiya Azərbaycanın şərtlərini qəbul etmədi. Bu, Rusiyanın Azərbaycana qarşı mənfi siyasətinin daha bir təzahürüdür. Demək, Rusiya Azərbaycana təzyiq etməyə çalışır. Rəsmi Bakı ilə konstruktiv əməkdaşlıq deyil, əlaqələri böhrana sürükləmək siyasəti aparır. Azərbaycanın ABŞ-la ikitərəfli əlaqələri inkişaf etdirməsi Moskvada da narahatlıqla qarşılanır. Rusiyanın bu mövqeyi bir ölkə üçün utancdır. Vladimir Putin bir söz deyir, istintaqı tam ayrı bir söz. Rusiya özü Azərbaycanla böhran yolunu seçib”.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiyanın hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalıb. İdarəetməni itirmiş hava gəmisi Aktau şəhəri istiqamətinə yönəldilərək orada qəza enişi həyata keçirib. Göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun