Medianews.az
Robotlardan Bahar Bayramında kunq-fu şousu -
86 baxış

Robotlardan Bahar Bayramında kunq-fu şousu - VİDEO

Çinin dövlət televiziyası CCTV tərəfindən Ay Yeni ili münasibətilə təşkil olunan Bahar Bayramı qala proqramında insanabənzər robotların çıxışı gecəyə damğa vurub.

Medianews.az xəbər verir ki,  robotlar kunq-fu performansı ilə tamaşaçıların böyük marağına səbəb olub.

Robotlar bir qrup uşaqla birlikdə səhnəyə çıxaraq Çinin ənənəvi döyüş sənəti olan kunq-fuya məxsus hərəkətləri yüksək dəqiqlik və uyğunluqla nümayiş etdiriblər. Sinxron və intizamlı çıxış alqışlarla qarşılanıb.

“Unitree Robotics” tərəfindən hazırlanan “H2” model insansı robotlar Hınan əyalətində fəaliyyət göstərən Tagou Döyüş Sənətləri Məktəbinin şagirdləri ilə birgə çıxış ediblər. Robotlar asa, qılınc və nunçaku kimi vasitələrdən ustalıqla istifadə edib, havada salto və uçan təpik kimi mürəkkəb hərəkətləri uğurla yerinə yetiriblər.

Görüntülər qısa müddətdə həm Çində, həm də beynəlxalq sosial media platformalarında yayılıb. Paylaşımlarda ölkənin robot texnologiyaları sahəsində sürətli inkişafı vurğulanıb.

Ötən il şirkətin “H1” modeli qala proqramında ənənəvi Çin rəqsi təqdim etmişdi. Bu ilki kunq-fu şousu isə texniki çətinlik səviyyəsinə görə daha irəli addım kimi qiymətləndirilib.

Çin hökuməti insansı robotları süni intellekt əsaslı gələcəyin strateji texnologiyalarından biri hesab edir. 2025-ci ildə Pekində robotlarla insanların birlikdə iştirak etdiyi yarımarafon, eləcə də Dünya İnsansı Robot Oyunları təşkil olunub.

Medianews.az

Bizə qoşulun